Xocalı: erməni faşizminin avtoportreti...
26 Fevral 2014 13:00 SiyasətƏvvəli 25 fevral tarixli sayımızda
Son iki yüz il ərzində imperiyanın köməyi ilə qədim türk torpaqlarında məskunlaşmış, imperiya boyunduruğunda yaşamağa və imperiya buyuruqlarını məharətlə yerinə yetirməyə alışmış, ən çətin anlarda qonşularına dayaq olmaq əvəzinə xəyanət etməyi adət etmiş ermənilər isə həmişə olduğu kimi bu dəfə də məkrli imperiya siyasətinin əsas ifaçıları kimi çıxış etdilər. Nəticədə növbəti dəfə torpaqlarımızın bir hissəsini tərk etməyə məcbur edilsək də, müstəqillik idealından geri çəkilmədik. Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində vurğuladığı kimi, "...Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi".
Qafqazda dövlətçilik ənənələrinin formalaşmağa başladığı zamandan etibarən ən güclü və ən böyük dövlətlər məhz Azərbaycan dövlətçiliyinin şanlı tarixində yer almış Atabəylər, Şirvanşahlar, Səfəvilər kimi qüdrətli dövlətlər olmuşdur. Bütövlükdə Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyini, xüsusilə onun digər türk dövlətləri ilə müttəfiqləşib güclənməsini öz imperialist maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir. Lakin bu reallığı qəbul etməyən, imperiya tərəfindən "böyük Ermənistan" xülyası ilə "yemlənən" ermənilər tarix boyu imperiya siyasətinin ucuz aləti kimi Qafqazda dağıdıcılıq missiyasını məharətlə yerinə yetirmiş və bu gün də separatizmi alovlandırmaqla, çirkin ənənələrinə sadiq qalmaqdadırlar.
Yaxın keçmişimizin ən faciəvi hadisələrindən biri olan Xocalı soyqırımı erməni təfəkkürünün və tipik erməni xarakterinin təkcə onun qonşuları üçün deyil, bütövlükdə bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Erməni xarakterinə xas olan terrorizm, etnik təmizləmə və işğalçılıq siyasəti müasir dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbələri kimi çıxış edir. Tarix boyu iyrənc "keyfiyyətlərini" qoruyub saxlamağa nail olmuş ermənilər isə bu gün düşdükləri aciz vəziyyətin kökündə məhz sahib olduqları ermənilik xarakterinin dayandığının fərqində deyillər. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də əsas şərt deyildir. Bu gün Ermənistanın bütün sahələrdə Rusiyadan asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi onun "vassalı" və lazım olduqda isə "forpostu" rolunda çıxış etməsi bunu bir daha sübut edir. Vaxtilə, əhalisinin əhəmiyyətli qismi Azərbaycan türklərindən və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət tamamilə fərqlidir. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından didərgin salınmış və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono-etnik dövlətə çevrilmişdir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan həmişə olduğu kimi bəşəri dəyərlərə, regionda sülh və sabitliyə real təhlükə mənbəyi olan mənfur qüvvələrə qarşı qətiyyətlə mübarizə aparmaqdadır. Nə qədər çətin olsa da, Azərbaycan dövləti və xalqı təkcə öz milli maraqları üçün deyil, bütövlükdə ümumbəşəri dəyərlərinin qorunub saxlanılması üçün öz mübarizəsini fədakarlıqla davam etdirməkdədir. Azərbaycan bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç-bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.
Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan üçün deyil, həm də dünya birliyi üçün beynəlxalq əhəmiyyət kəsb edir. Bu baxımdan, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı hadisələrinin soyqırımı elan olunması xüsusi əhəmiyyətə malik oldu. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. Ümummilli liderimizin vurğuladığı kimi, "bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin aparılması açıq şəkildə ifadə olunmuşdur. Həmin fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Dövlət başçısı çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, bəşəriyyətə qarşı törədilmiş ağır cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleskinin açılışında qeyd edirdi: "Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu "erməni soyqırımı" mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır".
Bu faciənin geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda Islam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır. "Xocalıya ədalət" kampaniyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırım aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini yaxınlaşdırır. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək iradəmiz dayanır. Dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlərin olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradır. Lakin təəssüflər olsun ki, Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin, formal təsdiqdən o yana keçmədiyinin şahidi oluruq. Bu faktor, nə qədər acı olsa da, dünya siyasətində hələ də qlobal güclərin, onlara xidmət edən ayrı-ayrı dairələrin maraqlarının üstünlük təşkil etdiyini göstərir. Amma Azərbaycanın qüdrətli və nizami orduya, Qarabağ probleminin həlli yolunda dövlətin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün heç də uzaqda olmadığından xəbər verir. Bunu isə biz özümüz etməliyik. Azərbaycanın əsrlər boyu davam edən torpaq itkilərinə son vermək zamanı yetişmişdir. Qarabağ və onun sağalmayan yarası olan Xocalı soyqırımı Azərbaycanın və dünya türklüyünün taleyində tarixi dönüş nöqtəsi olmalıdır. Ata-baba yurdlarımıza dönüş, türk birliyinin möhtəşəm tarixinə dönüş məhz Qarabağın azadlığından keçir. Şanlı tariximizə şərəfli dönüşü həyata keçirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək həm də gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur. Bizim Qarabağ uğurumuz gələcək nəsillərimizi Azərbaycanın yeni tarixini yazmağa - Vətənimizi öz tarixi coğrafiyasının geniş miqyasına çıxarmağa ruhlandıra bilər!
Müqəddəs yurdlarımıza qayıtmaq arzusu ilə,
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru