“Dünya ermənilərin soyqırım siyasətinə səssizdir”
Daşqın Şikarov: “Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı ilk qırğın nümunəsi deyil”
26 Fevral 2014 12:21 SiyasətAzərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Xocalı Soyqırımı ilə əlaqədar Türkiyə mətbuatına müsahibə verib. D.Şikarov bildirib ki, əgər ermənilərin 1905 və 80-ci illərdəki azərbaycanlı qırğınlarına beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilsəydi, Xocalı Soyqırımı baş verməzdi. Beynəlxalq ictimaiyyətin ermənilərin türklərə qarşı apardığı soyqırım siyasətinə səssiz qaldığını deyən səfir qeyd edib ki, dünya birliyi azərbaycanlılara edilən qırğınları tanımalı, hüquqi qiymət verməlidir: "Əks təqdirdə ermənilərin təcavüzkar hərəkətləri davam edəcək. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı ilk qırğın nümunəsi deyil. 1905-ci ildə ermənilər on minlərlə Azərbaycan türkünü məccidlərə yığaraq amansızcasına qətlə yetiriblər. Lakin baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilmədi. 80-ci illərdə də ASALA terror təşkilatı dünya ölkələrindəki türk diplomatlarına qarşı sui-qəsdlər təşkil edib. Bu da cəzasız qaldığı üçün ermənilər 1992-ci ildə azərbaycanlılara qarşı növbəti soyqırım siyasəti həyata keçirmək cəsarətini tapdılar". Pakistan Senatının Xocalı Soyqırımını tanıdığını deyən Daşqın Şikarovun sözlərinə görə, digər dövlətlər də dəhşətli faciəyə öz hüquqi qiymətlərini verməlidirlər. Qeyd edək ki, Pakistanın paytaxtı İslamabadda Xocalı Soyqırımı qurbanlarına həsr edilmiş "Xocalı soyqırımı: Günahsız qurbanlar üçün Ədalət axtarışı" adlı konfrans keçirib. Konfransda dünyanın bir sıra ölkələrindən diplomatlar iştirak ediblər. ("OLAYLAR İA")