“Ukrayna Kremli əsəbi və isterika vəziyyətinə salıb”
Natiq Cəfərli: “Ukraynada baş verən son proseslərlə MDB ölkələrindən Rusiya təhlükəsi uzaqlaşdı”
26 Fevral 2014 12:19 Siyasət"Real" Hərəkatının icra katibi Natiq Cəfərli Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasətə münasibət bildirib. N.Cəfərli qeyd edib ki, Kreml bacardıqca Ukraynada vəziyyəti gərginləşdirməyə çalışacaq. "Real" rəsmisi hesab edir ki, Moskva "Dnestryanı Respublika" modelini bu ölkədə də tətbiq etməyə səy göstərəcək. Rusiyanın Ukrayna ilə bağlı həyata keçirmək istədiyi planlarının baş tutmayacağını deyən Natiq Cəfərlinin sözlərinə görə, Moskva bəzi siyasi məsələlərə kortəbii şəkildə yanaşır: "Putin bəzi avtoritar liderlər kimi elə başa düşür ki, pul və zor gücünə hər şeyi həll etmək olar. Qərb gec də olsa, konkret hərəkətlərə start verdi. Ukrayna yaxın vaxta Qərbdən həm maddi, həm də texnoloji dəstək alacaq. Ukraynada baş verən son proseslər MDB ölkələrinin də maraqlarına uyğun gəlir. Rusiya təhlükəsi bu ölkələr üçün sovuşdu. Avrasiya İttifaqı isə yaranmadan dağıldı". Rusiya daxilində baş verən proseslərə diqqət çəkən N.Cəfərli bildirdi ki, fevralın 24-də Moskva və Sankt-Peterburqda "Bolotnı işi" üzrə məhkum olunanlara dəstək üçün etiraz aksiyası keçirilib: "Kreml ideoloqları ideoloji olaraq o qədər zəifdirlər ki, məsələ barədə bu cür rəsmi məlumat yayıblar: "Moskvada aksiyada 500 nəfər iştirak edib, polis 422 nəfəri saxlayıb". Qeyd edilən rəqəmlər Rusiyanı dünyanın gülüş hədəfinə çevirib. Çünki rəqəmlərə əsas aksiyaya çıxanların az qala hamısı həbs edilib. Belə əsəbi və isterik reaksiyanın Ukraynadan sonra olması başa düşüləndir". ("OLAYLAR İA")