QHT-lər adından beynəlxalq təşkilatlara bəyanat ünvanlandı

Fevralın 25-də Azərbaycan  Mətbuat Şurası, Milli QHT Forumu, eləcə də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov artıq bir neçə ildir ki, Xocalı soyqırımının ildönümü ərəfəsində qeyri-hökumət təşkilatlarının bir araya gəlib bu soyqırımın beynəlxalq aləm tərəfindən tanınması üçün bəyanat qəbul etdiyini və həmin bəyanatın nüfuzlu beynəlxalq təşkilatlara göndərildiyini vurğulayıb. İlham İsmayılov qeyd edib ki, bu ilki konfransda Azərbaycanın yaxın dostu, moldovalı ombudsman Aureliya Qriqoriunun da iştirakı bu konfransı beynəlxalq əhəmiyyətli edir. O, aradan 22 il keçməsinə baxmayaraq hələ də dünya birliyinin bu soyqırıma siyasi qiymət vermədiyini və onu tanımadığını vurğulayıb: "Düzdür, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Ancaq biz çalışmalıyıq ki, Xocalı soyqırımını daha çox ölkə tanısın. Ona görə də biz QHT-lər olaraq bəyanat qəbul edib dünya dövlətləri, beynəlxalq təşkilatlara göndərməyi qərara almışıq".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Xocali soyqırımını bəşəriyyətin faciəsi adlandırıb. Bildirib ki, bu ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımdır. Ümumiyyətlə, Azərbaycanın iki yerə parçalanmasından sonra tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı deportasiya və soyqırım hadisələrinin həyata keçirildiyini deyən MŞ sədri 1918-ci il, martın 31-də də ermənilər tərəfindən Azərbaycanın müxtəlif əyalətlərində soyqırımlar törədildiyini diqqətə çatdırıb. Daha sonra çıxış edən Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə görə moldovalı ombudsmana təşəkkürünü bildirib. Onun sözlərinə görə, moldovalı ombudsman Aureliya Qriqoriu əsl həqiqətləri söyləməklə beynəlxalq aləm, nüfuzlu təşkilatlar üçün bir nümunə olub. Rauf Zeyni insan hüquqları ilə məşğul olan, münaqişələrin tənzimlənməsi missiyasını üzərinə götürən dövlət və təşkilatları bu ədalətsizliyə göz yummamağa və Xocalı soyqırımını tanımağa çağırıb. Rauf Zeyni əmin olduğunu bildirib ki, tezliklə Moldova parlamenti də Xocalı soyqırımını tanıyacaq. Konfransda çıxış edən moldovalı ombudsman Aureliya Qriqoriu 1992-ci il, fevral ayının 26-da ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, BMT-nin xüsusi statuslu məhkəməsi yaradılmalı və bu kimi cinayətlər törədənlər beynəlxalq səviyyədə  cəzalandırılmalıdır. Bu Azərbaycan xalqına qarşı cinayət törədənlərin və soyqırım icraçılarını qınama və mühakimə məqsədli olmalıdır: "Soyqırım haqqında Beynəlxalq Konvensiya mövcuddur. Həmin Konvensiya həmçinin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini də təmin edir. Bu soyqırımı törətmiş şəxslər məhkəməyə verilməli və mühakimə edilməlidir. Həmin şəxslər BMT-nin "Soyqırımının qarşısının alınması və onun cəzalandırılması  haqqında"  xüsusi qərarına uyğun mühakimə edilməlidirlər". Onun sözlərinə görə, Azərbaycan hökuməti bu istiqamətdə işlərə başlamalıdır. İlk olaraq isə həmin həqiqətlərin hesabatı toplanmalıdır: "Artıq erməni tərəfi bu faktlardan öz xeyrinə istifadə etməyə başlayıb, bu isə heç kimə sirr deyil".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında moldovalı ombudsmana Azərbaycanın haqq işinə dəstək verdiyinə təşəkkürünü bildirib. Baş redaktor qeyd edib ki, xanım Aureliyanın bütün təqib və təzyiqlərə, hətta ölüm təhdidlərinə baxmayaraq həqiqətin tərəfində dayanması Azərbaycan xalqında ona qarşı böyük məhəbbət hissi yaradıb. Vüqar Rəhimzadə ermənilərin Xocalı da törətdikləri soyqırımın dünyada tanıdılması istiqamətində mühüm işlərin görüldüyünü də diqqətə çatdırıb. Qeyd edib ki, aparılan məqsədyönlü işlər nəticəsində artıq bir neçə ölkə bu soyqırımı tanıyıb. Konfransda çıxış edən digər natiqlər də ermənilərin Xocalı həyata keçirdikləri soyqırım və bu soyqırımın dünyada tanıdılması istiqamətində atılması vacib olan addımlardan danışıblar. Sonda ölkədə fəaliyyət göstərən QHT-lər adından nüfuzlu beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. Bəyanatda ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımlarla bağlı məlumat verilir. Bəyanat müəllifləri bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün bütün beynəlxalq qurumları mübarizəyə səsləyir, onlardan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmələrini və Xocalı soyqırımına obyektiv hüquqi-siyasi vermələrini tələb edirlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00