Müdafiə Nazirliyindən Xocalı faciəsi ilə bağlı açıqlama

Faciənin ildönümü Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizonda anılır

Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə və təsdiq edilmiş plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri keçirilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, hərbi hissələrdə bütün kateqoriyadan olan şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunur.
Mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində və C.Naxçıvanski adına Hərbi Liseydə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən Xocalı soyqırımına həsr olunmuş "Soyqırım tarixin dastanı" adlı mənzum-tamaşasının nümayişı təşkil olunub.
"Həmçinin fevralın 26-da Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət ediləcək, müxtəlif janrlı silsilə tədbirlər, Xocalı sakinləri ilə görüşlər keçiriləcək və hərbi hissələrdə soyqırımı əks etdirən filmlər nümayiş olunacaq",- deyə nazirliyin mətbuat xidmətindən göndərilən məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00