Danimarkalılar Xocalı soyqırımı barədə məlumatlandırılıb

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Kopenhagendə məlumatlandırma və anım tədbiri təşkil edib. Qurumdan "OLAYLAR"-a daxil olan məlumata görə, Cəmiyyətin sədri Səfər Sadiqi başqa olmaqla təşkilatın üzvləri Kopenhagen şəhərinin mərkəzi meydanına toplaşaraq yerli sakinlərə və turistlərə broşürlər paylayıb. Xocalı soyqırımı haqqında məlumat və fotoşəkillərin əks olunduğu 600 ədəd broşür əhaliyə paylanarkən onlara qətliam haqqında şifahi bilgilər də verilib. Məlumatlandırma aksiyasından sonra "Vətən" Cəmiyyətinin nəzdindəki "Azərbaycan Evi"ndə Danimarkada yaşayan Azərbaycan, türk və türkmən icmalarının, diaspor fəallarının, eləcə də yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə xatirə gecəsi keçirilib. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra ermənilərin Xocalıda törətdiyi vəhşiliklər haqqında geniş çıxışlar olub.  Çıxış edənlər faciənin dünyaya çatdırılması üçün hər bir xaricdəki türkdilli diasporun birgə fəaliyyətinin vacib olduğunu vurğulayıblar. Çıxışlardan sonra iştirakçılara Xocalı soyqırımından bəhs edən videoçarx təqdim olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00