Xocalı faciəsini törədənlər Ermənistan rəhbərliyində təmsil olunurlar

Oqtay Əsədov: “Onlar layiqli cəzalarını alacaqlar”

Milli Məclisin fevralın 25-də keçirilən iclasında Xocalı faciəsi anılıb. Millət vəkilləri əvvəlcə Xocalı qətliamında dünyasını dəyişən soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra spiker deyib ki, Xocalıda baş verənlər tarixin ən böyük soyqırım aktıdır. O, xatırladıb ki, Milli Məclis bununla bağlı qərar qəbul edib, dünya dövlətlərinə bu haqda müraciətlər edib. Heydər Əliyev hakimiyyətə gələndən sonra bu istiqamətdə sistemli iş aparıb.

Sonradan bu proses daha sistemli şəkildə davam etdirilib. Nəticədə İslam Əmək Təşkilatının Parlament Assambleyası, eləcə də Meksika, Macarıstan, Honduras və digər ölkələr, ABŞ-ın 20-yə yaxın ştatı bu faciəni qətiyyətlə pisləyib, bunu soyqrım kimi qəbul edilib. Hazırda H.Əliyev Fondunun viste-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya Ədalət" kampaniyası beynəlxalq səviyyədə aparılır və artıq öz nəticələrini verir: "Biz əminik ki, ədalət öz yerini tapacaq. Günü- gündən güclənən Azərbaycan Qarabağı və ətraf 7 rayonu işğaldan azad edəcək və Xocalı qətliamının qurbanları öz layiqli cəzasını alacaq". Millət vəkili Zahid Oruc qeyd edib ki, cəmiyyətdə Xocalı soyqırımı ilə bağlı üzüntü yaşanır. Bunun aradan qaldırılması üçün dövlətin ən yüksək səviyyədə iş aparmasına ehtiyac var: "Bu, saxta erməni soyqırımına cavab vermək üçün ən ciddi hadisədir. Biz torpaq bütövlüyünə nail olmaq istəyirik. Ermənilərin t-4 deyilən məxfi planı olub. Onlar ötən əsrin 60-cı illərindən başlayaraq bu istiqamətdə işləyirlər". Millət vəkili Asim Mollazadə əlavə edib ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan dövləti bir sıra iş aparıb: "Hərbi Prokurorluq artıq 39 nəfərin adını açıqlayıb. Hesab edirəm ki, bu şəxslər İnterpola verilməli və layiqli cəzasını almalıdır". BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, Xocalı faciəsindən 20 il keçsə də, soyqırım törədənlər məhkəmə qarşısına çıxarılmayıb: "Bunun bir səbəbi də, beynəlxalq təşkilatların Qarabağ məsələsinə ikili standartla yanaşmasıdır. BMT-nin Ermənistanla bağlı 4 qətnaməsi var. Amma Minsk qrupunun üzvləri Ermənistana təzyiq etmirlər. Əvəzində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhd edirlər. Sanki bunlar Qarabağ probleminin həll olunmasına deyil, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına çalışırlar". Deputat deyib ki, bunun bir səbəbi də Azərbaycanın müsəlman dövləti olmasıdır: "Bu gün Ermənistanın ayaqda qalmasında səbəb daha çox bizim qonşu islam ölkələridir. İran Ermənistanla iqtisadi, siyasi, turizm sahəsində ciddi əməkdaşlıq qurub. Biz türk hökumətinə minnətdar olmalıyıq ki, vaxtı ilə sərhədləri bağladı. Bu da, Azərbaycan iqtidarının qətiyyətli mövqeyi sahəsində baş verib. Hesab edirəm ki, biz ordumuzu, hərbi müdafiə sənayemizi gücləndirməliyik". Deputat Fazil Mustafa deyib ki, Xocalı soyqırımını dünyaya çatdırmaq üçün əlimizdə ciddi faktlar var. Başqa soyqırmılarla bağlı fotolar varsa, Xocalı soyqırımı ilə bağlı ciddi sübutlar var və biz bunu sübut edə bilərik: "Biz Avropa Şurasına gedərkən Abdulla Öcalanla bağlı broşuralar yayırlar. Bu hər dəfə baş verir. Biz son dəfə CAR-da olarkən Qarabağla bağlı məlumat verdik. Ancaq onlar qeyd edirdilər ki, bu haqda ilk dəfə eşidirlər. Fikrimcə, Xocalı ilə bağlı materiallar hazırlanmalıdır ki, səfirliklərimiz bunu işlədikləri ölkələrdə yaysınlar, deputatların ünvanlarına göndərsinlər. Ermənilər 100 ildir ki, bu istiqamətdə işləyirlər". Deputat Fərəc Quliyev isə təklif edib ki, Milli Məclisdə Qarabağ komitəsi yaradılsın və onun tərkibində parlamentdə təmsil olunan partiyaların nümayəndələri təmsil olunsun: "Bunu etmək üçün əsaslarımız var. Burada açıq və ya qapalı dinləmələr olmalıdır. Biz bir çox xarici dövlətlərdə dinləmələr təşkil etdiyimiz halda öz parlamentimizdə bu dinləmələrin aparmamağımız doğru olmazdı". Deputat Səyavuş Novruzov Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə çağırış edib. Millət vəkili bildirib ki, Xocalı faciəsini törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunurlar. Onlar bu faciəyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: " Xocalıda baş verən hadisələrin iki əsas motivi var. Bu da ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərini işğal etməklə əlaqədardır. Lakin gələcəkdə azərbaycanlılar hələ öz sözünü deyəcək. Bunun əvəzi gec-tez ödəniləcək". S.Novruzov qeyd edib ki, ermənilər öz saxta soyqırımlarını dünyada tanıtmaq üçün yüz ildir öz lobbiləri ilə işlər görürlər: "Ancaq Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 10 il ərzində kifayət qədər işlər görüb və bundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək". S. Novruzov əlavə edib ki, Xocalı soyqırımı zamanı rəhbərlikdə olanlar, bu dövrdən sonra hakimiyyətə gələnlər faciə ilə bağlı bir kağız da qəbul etməyiblər. Bu işlərə yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlanılıb. Azərbaycan vətəndaşını təhlükədə qoymaq, onların təhlükəsizliyini təmin etmədiklərinə görə o zaman rəhbərlikdə olanların, qarışıqlıq yaratmaq istəyən siyasi partiyaların məsuliyyəti var". Deputat Rəbiyyət Aslanova isə deyib ki, xalqlar və dövlətlər arasında sivil münasibətlər yaratmağa hesablanan beynəlxalq hüquq böhran yaşayır, dünya nizamına təsir etmək imkanında deyil. Bunun nəticəsidir ki, dünyada müharibələr, münaqişələr, soyqırımlar davam edir. Əgər belə olmasaydı, Ermənistan prezidenti Avropa Şurasının tribunasından Xocalıda iştirak etdiyini deməzdi.

Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00