“Rusiya Qarabağ ssenarisini Ukraynada təkrarlaya bilər” - AÇIQLAMA
Elxan Mehdiyev: “Krımda Ukraynanın suverenliyini tanımayan strukturların formalaşması və həmçinin orada rus qoşunlarının olması Rusiyaya böyük avantaj verəcək”
25 Fevral 2014 14:59 Siyasət"Sülh və Münaqişələrin Həlli" Mərkəzinin direktoru Elxan Mehdiyev Rusiyanın Ukraynaya qarşı gizli təxribat planı hazırlaması barədə yayılan məlumatlara münasibət bildirib. E.Mehdiyev qeyd edib ki, Ukraynada vəziyyət gərginlikdə saxlanılır. Rusiya Ukraynada yeni hökumətin hakimiyyətə gəlməsindən razı deyil. E.Mehdiyev hesab edir ki, Moskvanın Ukrayna daxilində bu ölkəyə qarşı təsir etmək üçün geniş imkanları var: "Rusiya şübhələri özünə çəkməmək üçün kənarda dayanırmış kimi görüntü yaradır. Etnik amil rusların planında əsas rol oynayır. Lakin bütün bunlara baxmayaraq Rusiyanın geosiyasi maraqları üçün Ukraynaya qoşun yeridəcəyi inandırıcı deyil. Amma daxildəki seperatçı qüvvələrə dəstək formasında müəyyən siyasi addımlar ata bilər". Rus kəşfiyyatının Krımda təxribat törətməsi məsələsinə toxunan politoloq bildirdi ki, Rusiya Ukraynanı Krım vasitəsilə təsir dairəsinə almaq niyyəti güdür. Krımın Rusiya üçün strateji əhəmiyyətinin böyük olduğunu deyən Elxan Mehdiyevin sözlərinə görə, yarımadada rusların çoxluq təşkil etməsi də vacib məsələdir: "Artıq Krımda başlayan mitinqlərdə insanlar meydanlara Rusiya bayraqları ilə çıxırlar. Yarımadada baş verən proseslər Ukrayna üçün ciddi təhlükədir. Krımda Ukraynanın suverenliyini tanımayan strukturların formalaşması və həmçinin orada rus qoşunlarının olması Rusiyaya böyük avantaj verəcək. Rusiya Azərbaycan, Gürcüstan və Moldovada həyata keçirdiyi işğalçılıq ssenarisini Krım vasitəsilə Ukraynada təkrarlaya bilər. Moskvanın bu cür yollarla Ukraynaya təsir etmək cəhdləri gözləniləndir". ("OLAYLAR İA")