“Rusiya diqqətini Azərbaycana yönəltməyəcək” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Rusiyanın Ukraynada burnunun ovulması MDB məkanında olan bütün ölkələrin maraqlarına xidmət edir”
25 Fevral 2014 14:14 SiyasətBAXCP sədrinin müavini Elçin Mirzəbəyli Ukraynada baş verən hökumət dəyişikliyində Rusiyanın mövqeyini dəyərləndirib. E.Mirzəbəyli qeyd edib ki, Rusiyanın Ukraynadan geri çəkilməsi bu ölkədə formalaşacaq yeni hökumətin mövqeyindən asılıdır. BAXCP rəsmisi hesab edir ki, mütəmadi olaraq Rusiya bundan sonra da Ukraynanın daxili işlərinə müdaxilə, daxildəki etniklərdən maraqları üçün istifadə etməyə çalışacaq: "Artıq rus televiziyaları bununla bağlı çağırışlar etməyə başlayıblar. Rusiyalı ekspertlər bildirirlər ki, Ukraynada yaşayan ruslar yaranmış təhlükə ilə əlaqədar Rusiyaya müraciət etsələr məsələyə müdaxilə etmək olar. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi federasiya daxilində vəziyyəti qarışdıra bilər. Rusiyanın indiki məqamda ehtiyatlı davranmasının da səbəbi bundan qaynaqlanır. Ukraynaya indi ediləcək müdaxilə Rusiya daxilində ciddi problemlər yarada bilər. Rusiyada yaşayan Ukrayna kökənli insanların sayı çoxdur. Xüsusilə də Rusiya hərbi qüvvələrində ukraynalı olan yüksək vəzifəli zabitlər var. Rusiya bunu nəzərə alaraq prosesləri kənardan izləməyə çalışacaq. Rusiyanın Ukraynaya edəcəyi iqtisadi və siyasi təzyiqlər federasiya daxilinə çevrilə bilər. Silahlı müdaxilə müharibənin başlanması demək olacaq. Başlayacaq qarşıdurma Rusiya-Ukrayna müharibəsindən çox, Ukrayna-Qərb-Rusiya müharibəsi olacaq. Belə bir addımın da Rusiya tərəfindən atılacağı inandırıcı deyil. Yanukoviçin devrilməsindən sonra Rusiya əsas diqqətini iddia edildiyi kimi Azərbaycan və Gürcüstana yox, Ukrayna, Belorusiya və Orta Asiyaya yönəldəcək. Çünki Gömrük İttifaqının əsas sütunlarını bu ölkələr təşkil edir. Rusiyanın siyasi layihələri bu dövlətlər olmayacağı təqdirdə baş tutmayacaq. Rusiyanın Ukraynada burnunun ovulması MDB məkanında olan bütün ölkələrin maraqlarına xidmət edir". ("OLAYLAR" İA)