Müsavat başqanı kim olacaq? - SİYASİ ŞƏRH

İsa Qəmbər Qubad İbadoğlunu dəstəkləyir, Arif Hacılı partiyanı tərk edə bilər

Müsavat partiyası ciddi kataklizmlər ərəfəsindədir. Mayın 24-də partiyanın qurultayı keçirilməlidir. Bu dəfəki qurultay öncəkilərdən ciddi şəkildə fərqlənəcək. Buna səbəb Nizamnamənin başqan haqqında tələbidir. Bəllidir ki, ilk dəfə olaraq Müsavat partiyası "bir şəxs iki dəfədən artıq başqan ola bilməz" maddəsini Nizamnaməyə salıb. Hazırkı başqan İsa Qəmbər 1992-ci ildən bu postdadı və 3 dəfə seçilib. Xarici ölkələrdə bu təcrübə yayğın deyil. Partiya sədri istənilən müddətdə rəhbərlik edə bilər. Ancaq partiya iki dəfə dalbadal məğlubiyyətə uğrayırsa o zaman partiya sədri istefa verir. Müsavat texnoloqları görünür, Qərbdə "demokratik dəyərlərə bağlı partiya" imicini saxlamaq üçün bu addımı atıb. Nizamnamə dəyişikliyi son qurultayda edilib və o zamandan İsa Qəmbər "növbəti qurultayda namizəd olmayacağam" deyir. Amma artıq o dövrdə çox sular axıb, partiyada "İsa Qəmbər qalsın" deyənlərin sayı artıb. Onlardan bir qismi ən şanslı adayın-Arif Hacılının başqan seçilməsindən ehtiyat edirlər. Məsələn, Arzu Səmədbəyli İsa Qəmbər dönəminin ikinci adamıdır. İndi o vəzifə pilləsində artmayacaq, Arif Hacılının başqanlığı dönəmində də Məclis sədri olacaq. Başqa fiqurlar özləri başqan olmaq istəyir. Azərbaycan mediasında, QHT sektorunda, müxalifətdə kifayət qədər hörməti olan iqtisadçı Qubad İbadoğlu başqan olmaq niyyətindədir. Onu partiyada dəstəkləyən kifayət qədər şəxs var. Elitadakı nüfuzlu adamlar, gənclər Arif Hacılını deyil, Qubad İbadoğlunu dəstəkləyir. Müsavat partiyasının siyasətinə kifayət qədər təsir qüvvəsinə malik olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Arif Hacılı, onun komandasındakı qüvvələr daha çox İbadoğlunun başqanlığına meyllidirlər. İbadoğlunun hazırkı mövqeyi və baxışları Arifoğlunun mövqeyinə çox yaxındır. Arif Hacılı isə daha çox radikal qanadı təmsil edir. Arifoğlu açıq dəstək verməsə də, İbadoğluna aşkar rəğbət bəsləyir. Belə görünür ki, Müsavat başqanlığına iki aday olacaq: Arif Hacılı və Qubad İbdaoğlu. Son iki ildə güclü mövqe qazansa da, Hacılının itkiləri də var. Qadın Təşkilatına Arif Hacılının adayı sədr seçilmədi. Gənclər Təşkilatına öz adamını gətirsə də, gənclər arasında "avtoritet" Tural Abbaslı onu yox, Vurğun Əyyubu dəstəkləyir. "Yeni Müsavat"ın mövqeyi aydındır. Qalır başqanın mövqeyi. Tərslikdən Hacılı başqanlıq mübarizəsində əksəriyyətlə düşmən olub. Partiya elitasında onu yalnız azlıq dəstəkləyir.

Kəsəsi, Arif Hacılı yalnız partiyada aşağıların, qurultay nümayəndələrinin dəstəyinə ümid edə bilər. Aydınca görünür ki, kiminsə Müsavat başqanlığına seçilməsi İsa Qəmbərin şəxsi mövqeyindən çox asılıdır. Hətta hamıdan şanslı Arif Hacılının da. Görünür, İsa Qəmbər bilərəkdən bu vəziyyəti yaradıb ki, yeni seçiləcək başqana şərtlərini irəli sürə bilsin. Amma çox böyük ehtimalla, İsa Qəmbərin seçimi Arif Hacılı olmayacaq. Hacılı güclü fiqurdur, tabelikdə olmağı sevmir. Hacılı başqan olarsa, İsa Qəmbər üçün "oyuncaq başqan" olmayacaq. Ən yaxşı halda parlament seçkiləri "İsa Qəmbərin liderliyi ilə" yola veriləcək. Sonrakı dönəmdə Arif Hacılı öz komandasını formalaşdıracaq, partiyanı İsa Qəmbərin təsir dairəsindən çıxarmağa çalışacaq. Amma partiyada daha çox insanın dəstəyini (söhbət aşağılardan yox, elitadan gedir) qazanmış Qubad İbadoğlu başqan olarsa, Müsavat İsa Qəmbərin təsir dairəsində qalacaq. Qubad İbadoğlunun başqan seçilməsi Müsavatın imicinə də müsbət təsir edə bilər. Hər halda İbadoğlu Hacılı kimi köhnə dövr müxalifətini təmsil etmir, yeni təfəkkürlü siyasətçilər nəslindən hesab edilir. Yəqin ki, İsa Qəmbər özünə daha yaxın hesab etdiyi İbadoğlunu seçəcək. Bu halda Arif Hacılı və komandasının Müsavatdan ayrılması qaçılmaz olacaq. Çünki Hacılı özünə qarşı haqsızlıq edildiyini düşünəcək və öz partiyasını qurmağa başlayacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00