"Güney Azərbaycandan İrana təzyiq üçün istifadə edilir” - AÇIQLAMA
Elşən Mustafayev: “Cənubda baş verən hadisələr ABŞ-ın strateji maraqlarını əks etdirsə, baş verən həbslərlə bağlı İrana xəbərdarlıq edəcək”
24 Fevral 2014 16:38 SiyasətAMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Cənubi Azərbaycanda baş verən kütləvi həbslərə beynəlxalq ictimaiyyətin yanaşması məsələsini dəyərləndirib. E.Mustafayev bildirdi ki, ABŞ və Qərbin İrana hərbi müdaxilə ehtimalının gündəmdə olduğu vaxtda Tehranın Güney Azərbaycanla bağlı yürütdüyü siyasət bu gün də eyni şəkildə davam etdirilir. AMİP rəsmisi hesab edir ki, Güney Azərbaycan məsələsi İran daxili siyasətini təşkil edən əsas xətdir. İran hakimiyyətinin ölkədə yaşayan azərbaycanlıların milli hisslərindən ciddi şəkildə qorxduğunu deyən E.Mustafayevin sözlərinə görə, Cənubi Azərbaycanda milli müstəvidə olan problemlərin qabarması molla rejimi həmişə narahat edib: "Güney Azərbaycanda yaşayan türklərin sıxışdırılması ABŞ və Qərbin narazılığına səbəb olan faktor olsa belə, İran hakimiyyəti bu niyyətindən geri çəkilməyəcək. Güney Azərbaycan İrana təsir etmək üçün ABŞ və Qərbin tez-tez istifadə etdiyi faktordur. Brüssel və Vaşinqtonun bu niyyəti təəssüf doğurur. Cənubi Azərbaycanda baş verən hadisələr ABŞ-ın strateji maraqlarını əks etdirsə, baş verən həbslərlə bağlı İrana xəbərdarlıq edəcək. Marağında olmadığı müddətə qədər heç bir reaksiya vermir. Böyük dünya dövlətlərinin İrandakı maraqları tamam başqa istiqamətlərə hesablanıb. Tehran da bunu çox gözəl başa düşür. İran hakimiyyətinin Güney Azərbaycandakı kütləvi həbslərinə beynəlxalq ictimaiyyət tərəfindən göz yumulması strateji maraqlardan irəli gəlir. Güneydə yaşayan azərbaycanlılar molla rejimindən çəkinmədən siyasi və mədəni tələblərini ortaya qoyurlar. Bunun daha böyük inkişafının hansı nəticələrə səbəb olacağını İrana yaxşı bilir. Ona görə də həbs və təzyiq addımları atmağa qərar verir". ("OLAYLAR" İA)