İsa Qəmbərin adayı Arif Hacılı deyil - SİYASİ ŞƏRH

Arif Hacılıya qarşı kampaniya başlanıb, Müsavatın başqanı ayrı adam ola bilər

Müsavatda başqanlıq savaşı qızışır. Artıq başqanlığa aday olacaq şəxslərin adları bəllidir. Arif Hacılı, Səxavət Əlisoy, Qubad İbadoğlu və Tural Abbaslının qurultayda aday olacağı gözlənilir.

Artıq 4 ildən çoxdur ki, Müsavatın növbəti qurultayında İsa Qəmbərin başqan olmayacağı deyilir. Dəfələrlə İsa Qəmbər özü namizəd olmayacağını, ancaq partiyanın rəhbərliyində qalacağını deyib. Neçə ildir başqan olmaq istəyənlər rayon təşkilatlarında, partiyanın yaxın ətrafında təbliğat aparırlar. Qurultayın vaxtı dəqiqləşəndən sonra iddialılar daha da fəallaşıb. Sülhəddin Əkbər, İbrahim İbrahimli zamanında başqan ola bilməyəcəklərini dərk edib partiyanı tərk etdikdən sonra   Arif Hacılının başqanlığa yolu açılıb. İki ildir ki, Arif bəy başqanlığa ən şanslı aday sayılır. Əslində Arif Hacılı 1995-ci ildən sonra faktiki olaraq partiyada ikinci sayılırıdı. 2000-ci ildə keçirilən ilkin seçkidə Hacılı ikinci yeri tutmuşdu. Həm siyasi və seçki təcrübəsi,  həm təşkilati bacarığı yerdə qalan bütün namizədlərdən üstün olduğu hər kəsə bəlli olan Hacılının başqan olmasına heç bir əngəl yoxdur. Amma söhbət demokratik seçkidən gedir. Əgər başqanlıq seçkisi demokratk olacaqsa, Arif Hacılı Müsavatın başqanı olacaq. Ancaq belə görünür ki, rəqibləri onun başqan olmasına mane olmaq istəyirlər. Gələn xəbərlərə görə, sosial şəbəkələrdə, rayon təşkilatlarında Arif Hacılı əleyhinə piar kampaniyasına başlanıb. Kampaniyanın başqanlığa namizəd Səxavət Əlisoy tərəfindən aparıldığı bildirilir.  Gənclər Təşkilatından çıxarılmış şəxslərin, Tural Abbaslı tərəfdarlarının da onları dəstəklədiyi aydın olub. Piar kampaniyası o həddə çatıb ki, artıq Hacılı etirazını bildirməyə başlayıb. Facebookda yazdığı statusda Hacılının özü haqqında əzabkeş obrazı yaratmaq cəhdi açıq-aşkar duyulur. Qardaşı oğlu Turalın məktubunu paylaşan Hacılı narazı olduğunu gizlətmir: "Bu gecə səhərədək bəzi mətləblər barədə çox düşündüm. Çox ciddi qərarların layihələrini cızdım. Səhər isə inboksuma gələn bu məktub planlarımın düz istiqamətinin müəyyənləşməsində yardımçım oldu". Sonra Hacılı Turalın məktubunun surətini paylaşıb: "Salam əmi. Vallah, halaldı sənə. Bu qədər vaxt mübarizə aparmaq və bu qədər əziyyətdən sonra insanların təşəkkür yerinə  hörmətsizliklərini görmək, buna dözmək fövqəladə güc tələb edir. Əmi, yaxşı ki, varsan. Yaxşı kı, əmimsən". Bu məktubda "insanların" sözünü Arif Hacılı "başqanın" kimi təqdim edib əslində. Çünki, Arif Hacılı bilir ki, siyasi mübarizə asan deyil, bu savaşa girdinsə, qara piar hədəfi ola bilərsən. O, bu piarı rəqiblərindən gözləyirdi. Yuxarıda adları çəkilən və çəkilməyən rəqiblərin heç biri Arif Hacılıya üstün gələ bilməz. Və Arif Hacılı onların apardığı qara piardan küsüb kənara  çəkilməz. Görünür, Hacılını incidən İsa Qəmbərin ona dəstək verməməsi və ya Hacılı əleyhinə aparılan piarın arxasında durmasıdır. Başqanlığa adaylığı verilən Tural Abbaslı, Səxavət Əlisoy başqan olmayacaqlarını yaxşı bilirlər. Bunu bilə-bilə Hacılıya qarşı getmələri düşündürücüdür. Deməli, onlar özləri üçün çalışmır, başqanın tapşırığını yerinə yetirirlər. Arif Hacılının incikliyi də bundandır. O yaxşı bilir ki, təkbaşına hamıya qalib gələ bilər. Ancaq İsa Qəmbər başqa adama dəstək versə, prosesin axarı dəyişəcək. Görünən odur ki, İsa Qəmbərin adayı Arif Hacılı deyil.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00