“Rusiya Ukraynada təxribat planı hazırlayır” - AÇIQLAMA
Qabil Hüseynli: “Bir tərəfdən Rusiya, digər tərəfdən ölkə daxilindəki iqtisadi böhran prosesləri yenidən qızışdıracaq”
24 Fevral 2014 12:52 SiyasətPolitoloq Qabil Hüseynli Ukraynada baş verən son prosesləri dəyərləndirib. Q.Hüseynli qeyd edib ki, V.Yanukoviçin hakimiyyətdən getməsilə Rusiyaya böyük zərbə vuruldu. Politoloq hesab edir ki, Qərb Ukraynanı Rusiyadan qoparıb almaq üzrədir. Ukraynadakı gərgin proseslərin başa çatmadığını deyən Q.Hüseynlinin sözlərinə görə, Rusiya Ukrayna üçün yeni təxribat ssnearisi hazırlayır: "Şərqi Ukrayna və Krımda Rusiya müəyyən gedişlərə əl ata bilər. Lakin Rusiyanın Ukrayna ilə əlaqədar qurduğu planlar heç bir effekt verməyəcək. Ukrayna Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması üçün Ali Radada qərar qəbul edib. Yanukoviçin istefasının Ukraynanın Qərbə inteqrasiyasının əsasını qoydu. Gələcəkdə Ukraynanı daha ağır və böyük sınaqlar gözləyir. Qərbin köməkliyilə Rusiyanın müqavimətinin qırılması nəticəsində Ukrayna vəziyyətdən çıxış yolu tapa biləcək. Rusiya Suriyadakı kimi Ukrayna üçün Qərb və ABŞ-a müqavimət göstərə bilməyəcək. ABŞ Rusiyanı bütün məsələlərdə Ukraynanı dəstəkləyəcəyi barədə xəbərdar edib. Avropa İttifaqının yüksək vəzifəli məmuru Kiyevdə oturub baş verən prsesləri nəzarət altında saxlayır. Rusiya bu ölkədəki ruslar vasitəsilə Ukraynanın parçalanmasına cəhd edəcək. Lakin Ukrayna Qərb və ABŞ üçün xüsusi əhəmiyyət kəsb etdiyindən Rusiyanın bu cür gedişləri baş tutmayacaq. Ukraynada proseslər bununla bitməyəcək. Bir tərəfdən Rusiya, digər tərəfdən ölkə daxilindəki iqtisadi böhran prosesləri yenidən qızışdıracaq. Qərbin verdiyi dəstəklə mövcud problemlər öz həllini tapacaq. Ukraynada Yanukoviç dövrü bitdi və ölkə demokratik inkişaf yoluna qədəm qoyub". ("OLAYLAR" İA)