ATXƏM sədri İstanbulda biznes forumda iştirak edib

Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin biznes forumu keçirilib. ATXƏM-dən "OLAYLAR"a daxil olan məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən rəsmi şəxslərlə yanaşı, 100-dən artıq iş adamı iştirak edib. Tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov da iştirak edib. Biznes forumda Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, tikinti, tekstil, inşaat materialları, əczaçılıq, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 26 şirkətlə təmsil olunub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndəsi Zaur İbrahimov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. O, Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, Azərbaycanda yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, Azpromo-nun fəaliyyəti barədə geniş məlumat verib. Forum ikitərəfli görüşlərlə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00