“Kreml Ukraynadan geri çəkilməsəydi Qərb Rusiyanı dağıdacaqdı” - AÇIQLAMA

Vəfa Quluzadə: “Putin rus ordusu qarşısında çıxış edəndə hiss olunurdu ki, çox əsəbidir”

Politoloq Vəfa Quluzadə Qərb mətbuatında Rusiyanın Ukraynadan geri çəkilməsilə bağlı yayılan məlumatlara münasibət bildirib. V.Quluzadə qeyd etdi ki, prezident Viktor Yanukoviç müxalifətin bütün tələblərini qəbul etdi. Dövlət başçısı yeni prezident seçkisinin keçiriləcəyini bildirdi, Parlament xalqa qarşı aqressiv hərəkətlərin dayandırılması barədə qərar qəbul etdi. V.Quluzadə hesab edir ki, Rusiyanın mövqeyi Yanukoviçin getməsilə xalqı gülləbaran etmək olub. Politoloqun sözlərinə görə, Rusiya vəziyyətin nəzarətdən çıxdığını görəndən sonra narahat şəkildə geri çəkildi: "Əgər Moskva geri çəkilməsəydi, Rusiya bu ölkəyə qoşun yeridib Ukrayna ilə müharibə etmək məcburiyyətində qalacaqdı. Qərb belə olan təqdirdə Ukraynanı silahlandırıb Rusiyanı darmadağın edəcəkdi. Putin bunu çox gözəl başa düşürdü. V.Putin rus ordusu qarşısında çıxış edəndə hiss olunurdu ki, çox əsəbidir. Şoyqu da gərgin vəziyyətdəydi. Putin çox ağıllı söz dedi. Bildirdi ki, Rusiya demokratik və sülhsevər dövlətdir. Bununla Rusiya Ukraynaya öz münasibətini bildirdi. Moskva vaxtında düzgün mövqe tutdu. Əks təqdirdə başqa qərar Rusiyanı dağıda bilərdi. Putin bunu çox yaxşı bilirdi, çünki siyasətçidir". Rusiyanın geri çəkilməsinin Kremlin geosiyasi layihələrinə təsiri barədə məsələyə toxunan Vəfa Quluzadə qeyd etdi ki, Gömrük İttifaqı və Avrasiya İttifaqı baş tutan layihə deyildi. Politoloq hesab edir ki, Rusiya vəziyyətdən çıxış yolu üçün bütün diqqətini daxilinə yönəltməlidir: "Moskva Rusiyanın dağıdılmış infrastrukturunu bərpa etməlidir. Milli və sosial problemlər Rusiyanı məhvə sürükləyir. Kreml milli problemlərin həllinə doğru addımlar atmalıdır. Rus televiziyaları bildirirlər ki, Rusiya iqtisadiyyatında çöküş var. Rublun dəyəri hər gün aşağı düşür. Federasiyada vəziyyət olduqca ağırdır, Kreml Ukrayna ilə yox, daxili problemlərin həlli ilə məşğul olmalıdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00