“Rusiya və Qərbin Azərbaycan maraqları toqquşacaq” - AÇIQLAMA

Aslan İsmayılov: “Dmitri Roqozinin “məcburiyyət qarşısında qalanda Rusiya atom bombasından istifadə edə bilər” bəyanatı heç də təsadüfi deyil”

Hüquqşünas Aslan İsmayılov Rusiya və Qərbin geosiyasi maraqlarını dəyərləndirib. A.İsmayılov bildirib ki, Ukraynada baş verən proseslər Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Hüquqşünas hesab edir ki, Soçidə keçirilən Qış Olimpiadasından dərhal sonra Rusiya özünü var gücü ilə göstərəcək: "Ümid edirəm ki, baş verənlər dünya müharibəsinə səbəb olmayacaq. Ancaq bu günlərdə Rusiya Baş nazirinin müavini, SSRİ-nin bərpa olunmasının qatı tərəfdarı, Dmitri Roqozinin "məcburiyyət qarşısında qalanda Rusiya atom bombasından istifadə edə bilər" bəyanatını heç də təsadüfi saymıram. Bəyanat artıq dünyanın da fəlakətlə üzləşə biləcəyindən xəbər verir. Bu günlərdə Ukraynada Qərblə Rusiyanın ölüm ya qalım müharibəsi gedir və bunu bütün dünya ictimaiyyəti bilməlidir. Bizim hər birimiz üçün isə birinci növbədə baş verənlərin Azərbaycana nə kimi aidiyyəti ola bilər sualına cavab maraqlıdır. Ona görə də bəzi mülahizələrimlə bölüşmək istəyirəm. Bu gün ortada olan iki güc mərkəzi - Qərbin və Rusiyanın maraqlarıdır. Qərb bölgədə öz oyun qaydalarını tətbiq edib inkişaf etmiş elmi-texniki potensialının hesabına qazanmaq istəyir. Rusiya isə hələ də imperiya ambisiyasından əl çəkmir və müxtəlif adlar altında SSRİ-nin müasir variantını bərpa etmək istəyir. Azərbaycanın geosiyasi məkanda yerləşməsi onu hər iki tərəf üçün yağlı tikəyə çevirib. Bu gün Ukraynada baş verənlərin Azərbaycanda təkrarlanmasına çalışan xarici qüvvələr var. Ukraynadan sonra həmin qüvvələrin Azərbaycan maraqları toqquşa bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00