“Türkiyəni Azərbaycandan ayırmaq istəyirlər”

Akif Nağı: “Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi Rusiya və Qərbin təfəkküründə köklü şəkildə formalaşıb”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Rusiya mətbuatının Türkiyənin Dağlıq Qarabağ siyasətindən hiss etdikləri narahatlığa aydınlıq gətirib. A.Nağı bildirib ki, Türkiyə və Azərbaycan arasında olan sıx əlaqələrin hansı səviyyədə olması bütün dünya dövlətlərinə bəllidir. A.Nağı qeyd etdi ki, iki ölkə arasında olan qardaşlıq əlaqələri haqqında söylənilən fikirlər gəlişi gözəl sözlər deyil. Türkiyə-Azərbaycan əlaqələrinin analoqunun olmadığını deyən QAT sədrinin sözlərinə görə, dünyanın heç bir iki dövləti arasında bu cür münasibətlər yoxdur: "Slavyan, ingilisdilli, digər türkdilli dövlətlər arasında olan əlaqələr Azərbaycan-Türkiyə bağı kimi ola bilməz. Türkiyə Azərbaycana verdiyi dəyəri heç bir ölkəyə göstərmir. Təkcə dil və mədəniyyət amilləri yox, iki ölkəni biri-birinə ortaq tarix bağlayır. Ölkələr arasında olan əlaqələr xarici faktorları olduqca narahat edir. Rusiya, Qərb və ABŞ Türkiyəni kənarlaşdırıb Azərbaycanı təkləməyə çalışırlar. Həmin dövlətlər Türkiyənin kənara çəkib Dağlıq Qarabağla bağlı öz mövqelərini Azərbaycanı diktə etdirmək marağındadırlar. Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi Rusiya və Qərbin təfəkküründə köklü şəkildə formalaşıb. Bu qüvvələr Türkiyənin Azərbaycana verdiyi dəstəkdən çox qorxurlar. Türkiyədə Azərbaycanı sevməyən hökumət otursa belə türk cəmiyyəti, türk insanı Azərbaycanın təklənməsinə icazə verməyəcək. Vaxtaşırı Türkiyə-Azərbaycan əlaqələri Ceyms Uorlik və Rusiyanı olduqca narahat edir. Qarşı qüvvələr öz mövqelərindən geri çəkilmədikcə, Azərbaycan həm öz gücünə, həm də Türkiyənin verdiyi dəstəyə arxalanır. Bu isə kənar ölkələri pis vəziyyətə salır". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00