Türkiyənin Qarabağ cəhdləri Ermənistanı qorxudur

Yusuf Ziya Nişangah: "Qarabağda döyüşlərin başlaması vəziyyətində türk qoşunları beynəlxalq ictimaiyyətin diplomatik səylərini gözləmədən gözünü Azərbaycanda açacaq"

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Türkiyəyə səfər etməzdən qabaq maraqlı fikirlərilə gündəmə gəlib. C.Uorlik "Tvitter" səhifəsində bildirib ki, səfərdə əsas məqsəd Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyini aydınlaşdırmaqdır. Rusiyalı politoloq Stanislav Tarasov C.Uorlikin səfərini və Türkiyənin Dağlıq Qarabağ münaqişəsilə bağlı siyasətini şərh edib. S.Tarasov bildirib ki, Türkiyə münaqişənin həllində Azərbaycanın mövqeyindən çıxış etməkdə davam edir. Politoloq məsələ ilə əlaqədar Türkiyənin mövqeyində hər hansı bir dəyişikliyin olmadığını deyib. Rusiya mətbuatı da bu ölkənin Dağlıq Qarabağ siyasətindən narahatlığını dilə gətirib. Rus mediasında yayılan məlumatlarda bildirilir ki, Türkiyə münaqişənin həllində istiqamətləri dəyişməq iqtidarında olan qüvvədir: "Rəsmi Ankaranın məsələ ilə əlaqədar izlədiyi siyasət beynəlxalq və regional proseslərə öz təsirini göstərir. Əgər Türkiyə həll missiyasında vasitəçi qismində iştirak etsə, vəziyyət Azərbaycanın lehinə dəyişəcək. Hazırki həmsədrlər isə Türkiyəni müxtəlif yollarla bu işdən çəkindirməyə çalışırlar".

Davudoğlunun Uorlikə cavab

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması, sərhədləri açmağa hazırlaşması barədə yayılan məlumatlara münasibət bildirib. Ə.Davudoğlu Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündən sonda keçirilən mətbuat konfransında bu xəbərlərin doğru olmadığını deyib.  "Türkiyənin mövqeyi bəllidir və bu mövqedə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq" - nazir qeyd edib.

Nazirin açıqlaması - sillə effekti

Ə.Davudoğlunun verdiyi açıqlama Ermənistanda ciddi əks-səda verdi. Çünki Qarabağda birinci müharibə başlayanda Azərbaycana ilk kömək edən ölkə məhz Türkiyə olub. "Külək İttifaqı" adlanan və 500 könüllü dəstədən ibarət olan xüsusi birlik dərhal - müharibə siqnalı alınan kimi Alparslan Türkeş tərəfindən Qarabağa göndərildi. Türklərdən ibarət könüllü dəstə müharibənin gedişində müəyyən uğur qazandı. Dağlıq Qarabağ və ətraf rayonlar rus-erməni birlikləri tərəfindən işğal edildikdən sonra da Azərbaycan ədalətli mövqeyinin dəstəyini də ilk olaraq Türkiyədən alıb. Türkiyənin məsələnin həllində aktivləşdiyini görən Ermənistan rəhbərliyi öz narahatlığını açıq şəkildə ifadə etməyə başladı. 2011-ci ildə Ermənistanın o vaxtki xarici işlər naziri Tiqran Balayan bildirdi ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın buraxılmamalıdır. Xarici işlər naziri Edvard Nalbandyan, prezident Serj Sərkisyan da bu gün çıxışlarında Balayanın fikirlərini təkrarlayırlar. Lakin bu ölkənin regionda söz sahibi olması amili Ermənistanı məcburi şəkildə Ankaranın mövqeyinə tabe edir. Türkiyə Qarabağla bağlı həssas siyasət yürüdür. Rəsmi Ankara İrəvanla apardığı bütün danışıqlarda Dağlıq Qarabağ məsələsini ön şərt kimi masaya qoyur. Türkiyə rəhbərliyi dəfələrlə bildirib ki, Ermənistanın bu ölkə ilə sərhədlərinin açılması erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından geri çəkilməsindən sonra mümkün olacaq.

Ermənilərin "Külək" qorxusu

Türkiyəli rəsmilər Moskva arxalı İrəvanın təhdidlərinə əminlik ifadə edərək deyirlər ki, Ermənistanla Azərbaycan arasında növbəti müharibə ehtimalında türk qoşunları ölkəmizə kömək edəcək. Türk politoloq Bülənt Aras qeyd edir ki, Türkiyə Qarabağın Azərbaycanın lehinə həll edilməsi istiqamətindəki bütün səylərini artıracaq. "Külək İttifaqı"nın əfsanəvi komandiri Yusuf Ziya Nişangahın açıqlaması isə uzun müddət Ermənistan mətbuatının müzakirə mövzusu olmuşdu. Nişangah bildirirdi ki, Qarabağda döyüşlərin başlaması vəziyyətində türk qoşunları beynəlxalq ictimaiyyətin diplomatik səylərini gözləmədən gözünü Azərbaycanda açacaq. Həqiqətən bu gün Ankaranın Dağlıq Qarabağla bağlı mövqeyindəki cəhdləri daha ciddi xarakter alıb. ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların nəticəsiz addımları Türkiyəni aktivləşdirib. Türkiyənin məsələ ilə əlaqədar Rusiya, ABŞ və Qərblə inkişaf etdirdiyi dinamik əlaqələr pozitiv nəticələr ortaya qoya bilər. Bütün bu amillər Ermənistana təlaş qazandırır. Türkiyənin NATO və Avropa İttifaqı ilə geniş əlaqələri Rusiyanı da Qarabağla bağlı şərtlərinə tabe edə bilər. Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından sonra açılacaq Ermənistan-Türkiyə sərhədləri Rusiyanı bölgədən sıxışdırıb çıxaracaq. Siyasi və iqtisadi maraqlarını yenidən nəzərdən keçirəcək Qərb və ABŞ bütün bu amilləri nəzərə alacaq. Hər halda Türkiyənin Azərbaycanın ədalətli mövqeyinin tanınması istiqamətindəki addımları gələcək haqqında pozitiv fikirlər ortaya çıxarır. Ermənistanın qorxuya düşməsi tam başa düşüləndir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00