Müsavatda Məclisin səlahiyyətləri artırıla bilər - SİYASİ ANALİZ

Nizamnamə düzəlişi baş tutsa, Arif Hacılı aralıq dövrü başqanı olacaq

Müsavatda başqanlıq savaşı qızışır. Rəqabətə gözlənilməz şəxslər də qoşulub. Bu dəfə 1993-cü ildən partiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Mehman Cavadoğlu da qatılıb. Mətbuata açıqlamasında Cavadoğlu ilginc təkliflə çıxış edib. Bildirib ki, partiya başqanı qurultayda yox, Məclisdə seçilməlidir. Yəni Cavadoğlu Nizamnamənin dəyişdirilməsini, qurultayın bəzi səlahiyyətlərinin Məclisə verilməsini istəyib: "Partiyanın idarəçilik qaydaları ilə bağlı qərarları başqan yox, qurultay verir. Mənim fikrimcə, bu qurultayda Məclisin səlahiyyətlərini artırmaq, başqanın seçilməsini onun səlahiyyətinə vermək lazımdır. Ölkədə parlament idarəçilik formasını əsas hədəfi sayan bir partiya üçün belə bir qərar qəbul etmək məntiqli olardı". Ümumiyyətlə, İsa Qəmbərin başqanlıqdan getməsini  əngəlləmək (indi məlum olur ki, daha çox Arif Hacılının başqan olmasının qarşısını almaq üçün Nizamnamə dəyişikliyinin olacağına dair proqnoz verilmişdi. Bu proqnoz yavaş-yavaş doğrulmağa başlayıb. Artıq Müsavat yetkililəri qərara gəliblər ki, Nizamnamə dəyişdirilsin. Mehman bəy buna işarə edir və dolayısı yolla bildirir ki, Nizamnamə dəyişdirilsə, başqanın iki dəfədən artıq seçilməsi yasağı götürülə bilər. Amma Cavadoğlunun fikrincə, İsa Qəmbər bundan yararlanmayacaq. Belə çıxır ki, Müsavatda "vəziyyətdən İsa Qəmbərsiz çıxış" məsələsi müzakirə olunur. Yəni necə etmək ki, Arif Hacılının qarşısı alınsın.  Arif Hacılının başqanlığa yolu yalnız süni yollarla kəsilə bilər. Müsavatda hər kəs bilir ki, İsa Qəmbəri əvəz edəcək yeganə fiqur Arif Hacılıdır. MİP rəhbəri heç bir halda başqandan geri qalmır. Hər ikisi AXC-nin rəhbərliyində olub. Ehtiyatlı İsa Qəmbərdən fərqli olaraq əyalət siyasətçisi Arif Hacılı daim hadisələrin mərkəzində olub, aksiyalarda öndə gedib. Arif Hacılı AXC iqtidarı zamanı da, 1993-cü ildən bu günə qədər də İsa Qəmbərin güclənməsinə çalışıb. Nə qədər qəribə olsa da, Arif Hacılı təşkilati işlərdə və seçki məsələlərində İsa Qəmbərdən təcrübəlidir.  Partiya lideri olaraq İsa Qəmbər heç zaman bu işlərlə məşğul olmayıb. Bu işləri daim onun üçün görüblər. Arif Hacılı isə Azərbaycanda seçki məsələləri üzrə mütəxəssislərdən biridir. Qurultayda demokratik seçki keçirilərsə, Arif Hacılı Müsavata AXCP (k)-dən gəlmiş Arzu Səmədbəyliyə də, uzun müddət birinci müavin olsa da, partiyada möhkəmlənə bilməmiş Vurğun Əyyuba da qalib gələ bilər. Arif Hacılının başqanlığa gedən yolunu yalnız İsa Qəmbər kəsə bilər. Təkrar namizədliyini verməklə və ya Nizamnamə dəyişiklliyi ilə.

Təcrübəli Mehman Cavadoğlu Arif Hacılı əleyhdarlarına olduqca əlverişli təklif verib. Arif Hacılı qurultayda qalib gələ bilər, amma Məclisdə onu yenmək olar. Arif Hacılı qurultayda başqan seçilsə belə, Məclisə başqan seçmə səlahiyyətinin verilməsi onu postunda möhkəmlənməyə qoymayacaq. Məclisə öz adamlarını salan A.Hacılı əleyhdarları vaxtından qabaq onu devirmək imkanı əldə edəcəklər.

Arif Hacılı tərəfdarları təbii olaraq, bu təklifə qarşı çıxacaqlar.  Amma Cavadoğlunun ideyası kifayət qədər cəlbedicidir və həyata keçirilə bilər. Müsavat Azərbaycan siyasətində bir çox ilklərə imza atmış partiyadır. İlk dəfə Müsavatda praymeriz (ilkin seçki) keçirilib. Uzun müddət Müsavat məclis sədri postu olmadan fəaliyyət göstərib. Nizamnaməyə sədr 2 dəfədən artıq seçilə bilməz  düzəlişini də ilk dəfə Müsavat edib. Bu baxımdan partiya sədrinin qurultaydan aşağı orqanda seçilməsi təcrübəsini də Müsavat tətbiq edə bilər. Başqanın Məclisdə seçilməsi qaydasının tətbiq edilməsi (ölkə qanunvericiliyinə görə, partiya sədri qurultayda seçilməlidir-müəll.) reallaşarsa, İsa Qəmbər Məclis sədri vasitəsilə partiyaya nəzarəti  əldə saxlaya biləcək. Beləki Məclisin nüfuzu artacaq, Məclis sədri partiyada önəmli fiqura çevriləcək, beləliklə yeni seçilmiş başqanın səlahiyyətləri məhdudlaşdırılacaq. Göründüyü kimi yeni təklif çoxluğun rəyini ala və dəstək qazana bilər. Partiyada bölünmənin qarşısını almaq üçün aşağıların dəstəyinə ümid edən Arif Hacılı da bu düzəlişlə razılaşmaq zorunda qalacaq.

Elman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00