“Rusiya nə qədər tez parçalanarsa..." - MÖVQE

Mayis Güləliyev: “Çin və İran da bir o qədər tez Birləşmiş Ştatların nəzarətinə keçə bilər”

Son vaxtlar Rusiyanın yeni bir ittifaq yaratmaq istəyi özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Qərbə və Avropa Birliyinə alternativ olaraq Avrasiya Birliyi və Gömrük İttifaqı kimi yeni modellər təqdim edən Moskva irəli sürdüyü təşəbbüsləri reallaşdırmaq üçün hətta bir sıra dövlətlərə qarşı təzyiq vasitələrindən də istifadə etməkdən belə çəkinmir. Bunu Ukraynanın timsalında daha aydın görmək mümkündür. Düzdür, indiki situasiyada Rusiya Ukrayna məsələsində Qərbə uduzsa da, bu hələlik Kremlin planlarının tamamilə puça çıxması demək deyil. Bəs görəsən Rusiyanın yeni ittifaq yaratmaq istəyi müstəqil dövlətlər, xüsusilə Azərbaycan üçün hansı təhlükələrdən xəbər verir?

"Vətən" blokunun icraçı katibi Mayis Güləliyev hesab edir ki, Rusiya regionun ən böyük və güclü dövlətidir.  Mayis Güləliyevin sözlərinə görə, Rusiyanın gücü təkcə bu ölkənin hərbi imkanları ilə ölçülmür: "Həm də iqtisadi, elmi-texniki potensialı ilə də ölçülür. Bu ölkə regionun digər ölkələri, o cümlədən Azərbaycan  üçün çox böyük bazardır. Eyni zamanda Rusiya Federasiyası  region vətəndaşları üçün ciddi siyasi və iqtisadi fəzadir. Odur ki, Rusiya ilə nə qədər  mümkünsə yaxşı əlaqələrin qurulması vacibdir. Amma müstəqilliyi və suverenliyi saxlamaq şərti ilə.  Sizin dediyiniz təhlükə o zaman yaranar ki, müstəqilliyin və suverenliyin prioritet olması xarici əlaqələrdə arxa plana keçsin. Odur ki, milli maraqların qorunması şərti ilə bütün region ölkələri ilə yaxşı əlaqələrin qurulmasına çalışmaq gərəkdir". Mayis Güləliyev Rusiyanın yeni ittifaq yaratmaq istəklərinə Birləşmiş Ştatlar və Qərbin mümkün adekvat cavabı barədə də danışıb. Bildirib ki, həm Birləşmiş Ştatlar, həm də digər Qərb dövlətlərinə region ölkələrinin inkişafı sərf etmir: "Onlar tamamilə əmindirlər ki, region inkişaf edərsə, Rusiya  və Orta Asiya qazına  yiyə dura bilməyəcəklər. Bu isə Birləşmiş Ştatların sonu demək olar. Odur ki, Rusiya nə qədər  tez parçalanarsa, Çin və İran da bir o qədər tez Birləşmiş Ştatların nəzarətinə keçə bilər. Bu gün Birləşmiş Ştatların məqsədi dünyanın enerji qaynaqlarına nəzarət etmək imkanına yiyə durmaqdır. Neft və qaz kimin əlindədirsə, dünya ağalığı da onun əlindədir. Bu gün Birləşmiş Ştatlar bu resursların əsas hissəsini əlində saxlaya bilib. Amma bütün resurslara hələ sahib deyil. Xüsusilə qaz resurslarının əsas hissəsi Rusiya və İranın əlindədir. Odur ki, Birləşmiş Ştatların məqsədi nəyin bahasına olursa olsun bu iki ölkəni nəzarətə almaqdır və bunun üçün çalışır. Deyirlər "ayının min bir oyunu var, o da bir armudun başında"! Bütün "demokratiya", "insan hüquqları", "söz və mətbuat azadlığı", "qadın hüquqları", millətlərin özünütəyin hüquqları" və sair hamısının bir mənası var. o da ölkələrdə daxili çaxnaşma yaratmaq və onların sərvətini ələ almaq". Mayis Güləliyevin sözlərinə görə,  qlobal miqyasda gedən proseslər onu göstərir ki, Birləşmiş Ştatlar getdikcə dinc dayanmayacaq və nə qədər münkünsə enerji ilə zəngin ölkələrdə daxili qarşıdurmaların baş verməsinə  çalışacaq: "O vaxta qədər ki, bu resurslar onun əlinə keçsin. Məsələn, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların nəzarətində olan ölkədir. Odur ki, orada insan hüquqları məsələsi gündəmdə deyil, Amma Ukraynada gündəmdədir. Bu nə qədər gülüncü məsələdir. Ona görə də Birləşmiş Ştatlar və Qərbdən səslənən demokratiya, insan haqları kimi məsələlər əslində bəlli maraqlara xidmət edir".

Süleyman İmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00