“Müsavat Partiyasının işi məhkəməyə düşə bilər” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Partiyada daha çox İsa Qəmbər Arif Hacılının başqan olmasını istəmir”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Müsavat başqanının partiyanın Ali Məclisi tərəfindən seçilməsi barədə irəli sürülən təklifə münasibət bildirib. E.Mirzəbəyli hesab edir ki, başqanın Məclisdə seçilmək təklifini Arif Hacılıya qarşı oynanılan oyun kimi qiymətləndirmək mümkündür. E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycanda siyasi partiyaların modeli dövlət idarəçiliyi modelinə uyğun olmalıdır. Partiya sədrinin Ali Məclis tərəfindən seçilməsi ənənəsinin olmadığını deyən BAXCP rəsmisinin sözlərinə görə, Müsavatın keçirdiyi qurultayda başqanın seçilməsi cəhdləri bu partiyanın nizamnaməsində nəzərdə tutulan müddəadır: "Başqanın Məclis tərəfindən seçilməsi isə partiyanın nizamnaməsinə zidd olacaq. Əgər nizamnaməyə indiki məqamda dəyişiklik edilsə, sədr yalnız bundan sonrakı məclisdə seçilə biləcək. Çünki keçiriləcək qurultayın qərarı hüquqi cəhətdən qüvvəyə minməlidir. Prinsipin indiki halda hüquqi əsası yoxdur. Əgər nizamnamə pozulsa və sədr Məclis tərəfindən seçilsə, məsələ məhkəmə müstəvisinə keçəcək". Elçin Mirzəbəyli Müsavat daxilində İcra Aparatının rəhbəri Arif Hacılıya qarşı baş verən proseslərə də toxunub. Sədr müavini qeyd edib ki, Arif Hacılının başqan olmaq cəhdlərinə qarşı çıxanlar Müsavat Partiyasının rəhbərliyində təmsil olunurlar. E.Mirzəbəyli hesab edir ki, A.Hacılının başqan olmasını istəməyən daha çox İsa Qəmbərdir. Məhz İsa Qəmbərə yaxın olan adamların bu istiqamətdə fikirlər səsləndirdiyini deyən BAXCP rəsmisi bildirdi ki, məsələnin əsl mahiyyətində də İsa Qəmbərin mövqeyi dayanır. "İ.Qəmbər faktoruna görə, Arif Hacılı partiya daxilində sıxışdırılır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00