Millət vəkili: “Rusiyanın Ukraynadakı hadisələrdə kifayət qədər mənfi rolu var”

"Ukraynada baş verənlər öz-özlüyündə hər bir qüvvənin, xüsusilə də, həm Kliçko, həm Yatsenyukun bu hadisələr üzərindən dövlət təmsilçiləri ilə, konkret prezidentlə danışıqları davam etdirməsi yeganə çıxış yolu ola bilər". Bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, əks halda gərginliyin dərinləşdirilməsi, "Maydan"ın özünün təşkil edərək xüsusi müdafiə qüvvələrinin formalaşdırması, hətta, müəyyən məlumatlara əsasən onların silahlanması növbəti "narıncı inqilab" ideologiyası altında daha kəskin toqquşmalara və vətəndaş müharibəsinə yol aça bilər: " Ukraynanın hazırda yaşadığı dərin iqtisadi-siyasi böhrana onun ərazi bütövlüyünün təhdidi, bir dövlət kimi varlığının sual altında qalması, eyni zamanda, federallaşma və konfederasiya, hətta, ölkənin bütövlükdə iflası kimi qorxulu nəzəriyyələrə yol açardı". Millət vəkilinin bildirdiyinə görə, Rusiyanın da Ukraynadakı hadisələrdə kifayət qədər mənfi rolu var: "Əslində ortaya bütövlükdə Ukrayna xalqının taleyi qoyulub. Ancaq onun taleyi üzərində bir kimsənin siyasi oyunlar aparmağa ixtiyarı yoxdur. Bizim burada Azərbaycan tərəfi olaraq mövqeyimiz isə odur ki, bizim müxtəlif sahələrdə iqtisadi-siyasi tərəfdaşımızla, GUAM çərçivəsində birliyin çox mühüm ölkəsi ilə, həmçinin, müxtəlif beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etdiyimiz dövlətlə və xalqlarımız arasındakı formalaşmış dostluq münasibətlərinə rəğmən onların bu hadisələrin təhlükələrindən çıxmağını arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00