“ABŞ Ukraynada sabitliyin pozulmasında maraqlıdır” - POLİTOLOQ
Zərdüşt Əlizadə: “Ağ Evin Yanukoviç hökumətinə qarşı hazırladığı sanksiya siyahısı Amerikanın Ukraynaya müdaxilə variantlarından biridir”
20 Fevral 2014 12:20 SiyasətPolitoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Barak Obamanın "Ukrayna hakimiyyəti həddini aşsa, bunun nəticələri ağır olacaq" fikrinə münasibət bildirib. Z.Əlizadə hesab edir ki, Obamanın açıqlaması ABŞ hökumətinin Ukraynanın daxili işlərinə qarışması deməkdir. Politoloq qeyd etdi ki, Amerika daxilində hakimiyyət orqanlarına qarşı istənilən zorakılığı amansızlıqla yatıran və iqtidarını qoruyan Ağ Ev Ukrayna hakimiyyətindən hüquq normaları çərçivəsində etiraz edən xalqa qarşı aqressiv addım atmaqdan çəkindirməyə çalışır: "Vaşinqtonun yürütdüyü ikili standartlar göstərir ki, ABŞ Ukraynada sabitliyin pozulmasında maraqlıdır. Bu da Amerikanın geosiyasi maraqlarından irəli gəlir. Bjezinski də deyirdi ki, Ukraynalı Rusiya qalxa bilər, amma Ukraynasız Rusiya heç vaxt qalxa bilməz. Vaşinqton isə bunu çox gözəl bilir". Obamanın açıqlamasının ABŞ-ın Ukraynaya açıq müdaxilə etmək niyyətindən qaynaqlandığını deyən Zərdüşt Əlizadənin sözlərinə görə, bütün bunlara baxmayaraq Amerika planlarını həyata keçirmək üçün Ukraynaya qoşun yeridə bilməz. "Ağ Evin Yanukoviç hökumətinə qarşı hazırladığı sanksiya siyahısı Amerikanın Ukraynaya müdaxilə variantlarından biridir" - politoloq deyib. ("OLAYLAR" İA)