AXCP “Real”ı nədən hədəfə aldı? - SİYASİ ANALİZ

Əli Kərimli Müsavatla yanaşı, yeni müxalifəti də sıradan çıxarmaq istəyir

Araşdırmaçı jurnalist Xədicə İsmayılın ötən həftə həmkarı Eynulla Fətullayev tərəfindən açıqlanmış "müxalifətin satqın siyahısı" hələ də müzakirə olunur. Siyahıda müxalifət düşərgəsində təmsil olunan və düşərgəyə yaxın olan ayrı-ayrı insanların adları var. "Müstəqil araşdırmaçı jurnalist" kimi təqdim olunan Xədicə İsmayılın hələ 90-cı illərdən AXCP-nin "Yurd" qrupuna yaxın olduğunu, Elçibəyin sağlığında Əli Kərimlinin maraqlarından çıxış edərək "Yurd" liderini dəstəklədiyini yada salanda onun hazırda kimin tərəfində olduğu, kimin maraqlarına xidmət etdiyi anlaşılır. AXCP 2015-ci ildə ana müxalifət olmaq istəyir. Hesab edir ki, Milli Şuradan çıxandan sonra Müsavat partiyası artıq güc deyil. Siyasi kuluarlarda AXCP yetkililəri "Müsavat batan gəmidir" təbliğatını aparırlar. Fuad Qəhrəmanlının piar maşını Müsavatı "qəbrə qoyduğunu" düşünür. X.İsmayılın siyahısının əsas hədəfi də Müsavat son zərbəni vurmaqdır. Siyahıda çox adamın adı çəkilib. Onların əksəriyyəti ya təkzib ediblər, ya siyahının özünü qeyri-ciddi adlandırıblar. Tək AXCP-dən səs çıxmayıb. Qeyd edək ki, siyahıda AXCP Ali Məclisinin sədri Həsən Kərimovun da adı var. Görünür, AXCP-də Həsən bəy ya ciddi fiqur saymırlar, ya da yaxınlarda onunla vidalaşacaqlar. Ona görə Kərimovun adının siyahıya salınmasına etiraz etməyiblər. Siyahının AXCP-nin razılığı ilə gündəmə çıxarılmasını sübut edən faktlardan biri məhz budur.

Əslində X.İsmayıl Əli Kərimli ilə razılaşaraq bu cür siyahını ortaya ona görə atıb ki, Müsavat hədəfə alınsın. Cavab alarlarsa, uzaqbaşı Həsən Kərimov qurban veriləcək. Həsən bəyi onsuz da səhhəti ilə əlaqədar olaraq tam işləyə bilmir. Onun fiqur olaraq AXCP-nin vitrinində saxlandığı hər kəsə bəllidir. Siyahıda adı keçən şəxslərin "xəyanəti" ilə bağlı təxminən söhbətlər cəmiyyətdə onsuz da vardı. X.İsmayıl bunu rəsmiləşdirməklə Müsavatı hədəfə çıxarmış oldu. X.İsmayılın AXCP ilə birlikdə hərəkət etdiyini təsdiq edən daha bir dəlil onun dəfələrlə radioefirində İsa Qəmbərlə, digər Müsavat yetkililəri ilə debatda AXCP-nin mövqeyindən çıxış etməsidir.  Xədicə İsmayılın açıqladığı siyahı ilə Müsavatı ictimai rəydə gözdən salmağa çalışdığı faktdır. Amma Əli Kərimli-Xədicə İsmayıl cütlüyünün başqa hədəfi də var. Müsavat əsas hədəf sayılmır. AXCP-də hesab edirlər ki, artıq Müsavata qalib gəliblər. Hədəf həm də yeni formalaşan müxalifətdir. Yeni müxalifətin önündə isə "Real" hərəkatı gəlir. Hərəkatın sədri İlqar Məmmədov həbsdədir. Hərəkatın digər üzvləri Erkin Qədirli, Natiq Cəfərov cəmiyyətdə kifayət qədər diqqəti çəkə biliblər. Müsavat və AXCP-də onlar səviyyədə kadrlar yoxdur. Bu isə AXCP-nin qısqanclığına səbəb olur. AXCP fəalları, Əli Kərimliyə yaxın şəsxlər  bütün parametrlər üzrə bu adamlara uduzurlar. Onları sıradan çıxarmaq üçün yeganə yol AXCP-nin qara piar maşını, qaragüruh metodlarıdır. X.İsmayıl bir zamanlar "Yurd"da olduğuna görə, Əli Kərimlinin qara piar metodlarını gözəl bilir. Müsavat və "Real" hərəkatı məhz əski metodlarla vurulur.

Bəs Müsavat və "Real" hərəkatı qara piarın nəticələrini aradan qaldıra biləcəkmi? Müsavat üçün müsbət bir şey söyləmək mümkün deyil. Partiya hazrkı tərkibdə son dövrünü yaşayır. Partiya ana müxalifət mövqeyini itirdiyi üçün qurultayda parçalanma qaçılmaz olacaq. Başqan seçilməsə Arif Hacılı qanadı, başqan seçilsə isə funksionerlərin əksəriyyəti partiyadan gedəcək. "Real" hərəkatına gəlincə, hələ cəmiyyət onların önə çıxmasına hazır deyil. Yəqin ki, onlar AXCP ilə qara piar savaşına çıxa bilməyəcəklər. Buna onların resursları da yoxdur. Yeni müxalifət 2015-ci ildə də öndə ola bilməyəcək. Onların yalnız  növbəti seçkilərdə ənənəvi müxalifətdən öndə olma şansları var.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00