“Ukrayna iki dövlətə bölünəcək” - AÇIQLAMA

Elşən Mustafayev: “Avropa tərəfdarları Yanukoviç üzərində qələbə qazansalar belə Şərqi Ukraynada rusiyameyilli qüvvələr mübarizəni davam etdirəcəklər”

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Ukraynada baş verən prosesləri dəyərləndirib. E.Mustafayev bildirib ki, proseslərin əvvəlindən Ukraynada iqtidar-vətəndaş qarşıdurmasının baş verəcəyi qaçılmaz idi. E.Mustafayev hesab edir ki, Ukraynanın Şərqi və Qərbi arasında olan antipatiya artıq patoloji nifrətə çevrilib. Hər iki bölgəni qızışdıran kənar amillər var: "Ukraynadakı qarşıdurmaların qızışdırılmasına ölkənin Gömrük İttifaqına getməsini dəstəkləyən qüvvələrin kölgələri görünür. Rusiya və Qərb ən yaxşı halda Ukraynanın parçalanmasını və ən pis vəziyyətdə isə vətəndaş müharibəsinin başlamasını istəmirlərsə, razılığa gəlməli idilər. Baş verən proseslər onu göstərir ki, Ukrayna Qərb və Şərq olmaqla ikiyə bölünəcək, ən pis halda isə ölkədə vətəndaş müharibəsi başlayacaq. Artıq qardaş qırğınının cücərtiləri görünməyə başlayıb. Bu isə onu göstərir ki, parçalanmış Ukrayna gələcəkdə bir bayraq altında birləşə bilməyəcək. Hər tökülən qan Ukraynanın məhvi üçün zəmin yaradır. Paytaxt Kiyevdə baş verənləri avro-inteqrasiya tərəfdarlarının qələbəsi kimi dəyərləndirmək olar. Müxalif qüvvələr Yanukoviç iqtidarını iflic vəziyyətinə salıb. Bu Rusiyanın məğlubiyyəti, Avropanın qələbəsi də deməkdir. Ümumilikdə isə proseslər Ukrayna xalqının məğlubiyyətidir. Avropa tərəfdarları Yanukoviç üzərində qələbə qazansalar belə Şərqi Ukraynada rusiyameyilli qüvvələr mübarizəni davam etdirəcəklər. Rusiya və Avropa İttifaqı məsələnin dinc yolla həll etməsi üçün prosesləri masa arxasında müzakirə etməlidirlər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00