“Rusiya və Azərbaycan əlaqələri normaldır”

Rufiz Qonaqov: “Viktor Baranetsin mövqeyi keçmiş dövlət məmurunun fikirləri kimi qəbul edilməlidir”

Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqov Rusiya Müdafiə Nazirliyinin sabiq əməkdaşı Viktor Baranetsin "Azərbaycan hücum etsə, 102-ci hərbi baza Ermənistanı müdafiə edəcək" açıqlamasını şərh edib. R.Qonaqov bildirib ki, Viktor Baranetsin açıqlaması Rusiya dövlətinin rəsmi mövqeyi deyil. Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Rusiyanın adından rəsmi açıqlama verə bilməz. R.Qonaqov qeyd edib ki, Rusiya və Azərbaycan arasında kifayət qədər normal əlaqələr var. Azərbaycan prezidenti cənab İlham Əliyev və Rusiya prezidenti cənab Vladimir Putin arasında dostluq münasibətlərinin olduğunu deyən QHT sədrinin sözlərinə görə, iki ölkə xalqları həmişə dostluq şəraitində yaşayıblar: "Lakin bəzi radikal rus dairələr bu cür fikirlər səsləndirməklə Azərbaycanın mövqeyini öyrənməyə çalışırlar. Rusiyada Ermənistanı müdafiə edən və erməniəsilli kifayət qədər məmurlar var. Həmin adamlar vaxtaşırı belə məsələləri ortalığa atmaqla Ermənistan və Azərbaycan arasında gərginliyi daha da artırmağa çalışırlar. Digər tərəfdən həmin dairələr Azərbaycanla hədə dilində danışıb regionda vəziyyəti qarışdırmaq istəyirlər. Əslində onların bu niyyətləri baş tutmayacaq. Çünki Azərbaycanın hərbi gücü inkişaf etmiş vəziyyətdədir. Artıq Azərbaycanda tam oturuşmuş dövlət stukturları mövcuddur. Ölkənin müdafiə sistemi keçən illər ərzində sistemli şəkildə qurulub. Azərbaycan ordusu ən müasir silahlarla təchiz edilib. Ölkəmizin hərbi büdcəsi Ermənistanın bütöv dövlət büdcəsindən çoxdur. Bu çərçivədə belə bəyanatların heç bir mənası yoxdur. Azərbaycanla bu günədək hədə dilində danışan dövlət heç bir niyyətinə nail ola bilməyib. Digər tərəfdən Viktor Baranetsin mövqeyi keçmiş dövlət məmurunun fikirləri kimi qəbul edilməlidir. Mümkündür ki, həmin şəxslər müəyyən qruplaşmaların daxilində fəaliyyət göstərirlər. Həmin fikirlər də bu qruplaşmaların maraq dairəsində olan məsələ ola bilər. Ümumilikdə isə Baranetsin açıqlaması rəsmi xarakter daşımır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00