Müsavatda Arif Hacılının mövqeləri zəifləyir

Gənclər Təşkilatı da onun nəzarətindən çıxarılır, Hacılı başqan seçilməyə bilər

Müsavat Partiyasında başqanlıq uğrunda mübarizə qızışır. Bütün rəqiblərini zərərsizləşdirmiş Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mayın 10-da keçiriləcək qurultayda başqan olacağına əmindir. Lakin ona qarşı hücumlar davam edir. Məclis sədri Arzu Səmədbəylinin, "Yeni Müsavat"ın rəhbəri Rauf Arifoğlunun Arif Hacılını başqan kimi görmək istəmədikləri məlum olur. Bəzi məlumatlara görə, hazırkı başqan İsa Qəmbər də Arif Hacılının başqan olmasından yana deyil. Nə qədər özünü başqana sadiq fiqur kimi göstərsə də, Arif Hacılı iddialıdır və hesab olunur ki, başqan seçilən kimi İsa Qəmbərin adamlarını rəhbər strukturlardan təmizləyərək özünün komandasını quracaq. Bu isə Müsavata təsir imkanlarını saxlamaq istəyən İsa Qəmbər üçün əlverişli deyil. Həbsdən çıxandan sonra Arif Hacılı başqanlıq yolunda bir sıra uğurlu addımlar atdı. Partiyada mövqeyi möhkəmləndi, Gənclər Təşkilatına öz adamını gətirdi. Xatırladaq ki, 1993-cü ildən bu yana ilk dəfə idi ki, GT- nin rəhbəri postuna İsa Qəmbərin deyil, Arif Hacılının adamı gəlirdi. Lakin partiyanın Qadın Təşkilatının konfransında Arif Hacılının namizədi uduzdu. QT-nin rəhbəri Vurğun Əyyubun adamı seçildi. Ellada Məmmədli Vurğun Əyyubun adamı sayılsa da, İsa Qəmbərə başlı fiqurdur. Arif Hacılıya qarşı hücumlar şiddətlənib və belə getsə, o, başqan seçilə bilməyəcək.
Arif Hacılıya qarşı daha bir rəqib meydan çıxıb. Bu, Müsavat başqanı İsa Qəmbərin müşaviri Səxavət Əlisoydur. Əlisoy Arif Hacılıya qarşı çıxıb öz iddiasını ortaya qoyub. Mətbuata açıqlamasında Əlisoy A.Hacılıya qarşı kampaniya təşkil etdiyi barədə deyilənləri yalan adlandırsa da, ancaq həmin şəxsi "əlahiddə müsavatçı" hesab etmədiyini bildirməklə, İcra Aparatının rəhbərinə qarşı olduğunu da gizlətməyib. "İsa Qəmbər namizəd olsa, mən yenə namizədliyimi verəcəyəm. Bu, o deməkdir ki, İsa Qəmbərə qarşı mübarizə aparıram?! Nəinki Arif Hacılı da, Vurğun Əyyub da, Tural Abbaslı da, Qubad İbadoğlu da, rayon təşkilatının sıravi üzvü də namizədliyini verməkdə azaddır. Adamlar arasında bölücülük aparmağa ehtiyac yoxdur. Kimisə imamlaşdırmaq, müqəddəsləşdirmək, avtoritarizm yaratmaq lazım deyil. Niyə jurnalistlər ancaq Arif Hacılının adını əlahiddə hesab edirlər, mənim üçün maraqlı budur. Arif Hacılı əlahiddə bir müsavatçıdırmı, o namizəd olacaqsa hamı geri çəkilməlidirmi?! Media niyə bu məsələni şişirdir?" deyən Əlisoyun açıq-aşkar Hacılıya qarşı getdiyi ortadadır. Əlisoyun arxasında İsa Qəmbəri silueti aydınca görünür. Belə çıxır ki, İsa Qəmbər həqiqətən də başqanlıq postunu Arif Hacılıya vermək istəmir. Maraqlıdır ki, Arif Hacılıya qarşı danışan tək Əlisoy deyil. Bu günlərdə partiyanın Gənclər Təşkilatında da qaynama var. Arif Hacılının adamı Əhliman Abbas narazıları təşkilatdan çıxarsa da, sabitlik yarada və liderlik edə bilmir. Bəzi qüvvələrsə, GT-dəki münaqişəni daha da körükləndirir, böhran yaratmağa çalışır. Məsələyə diqqətlə yanaşan "Yeni Müsavat" yazır ki, partiyanın Gənclər Təşkilatından kütləvi istefalar başlayıb. Qəzetin bildirdiyinə görə, buna səbəb iki gəncin səbəb göstərilmədən və xəbərsiz şəkildə qovulmasıdır. Maraqlıdır ki, GT-nin Arif Hacılının nəzarətində olan sədri təşkilatı idarə etməkdə aciz qalıb. Ona qarşı Tural Abbaslının və Vurğun Əyyubun təlimatı ilə hərəkət edən gənclər dayanıblar. Partiya daxilindən məlumatlı mənbə bildirir ki, Əhliman Abbasa qarşı olanlar təkcə GT-dən çıxarılmış iki nəfər deyil. Fəal müsavatçı gənclərin çoxu Tural Abbaslının tərəfindədir və onun yenidən GT sədri postuna qayıtmasını tələb edirlər. Böyük ehtimalla, GT-dəki böhran partiya rəhbərliyini fövqəladə konfrans çağırmağa vadar edəcək. Ya da GT bütövlükdə buraxılacaq. Artıq bu anonsu Rauf Arifoğlunun qardaşı Azər Ayxan verib. O, bildirib ki, partiyaların gənclər təşkilatları özünü doğrulmur və buraxılmalıdır. Müsavat GT buraxılarsa, bu, Arif Hacılıya daha bir zərbə olacaq. Qadınlar Təşkialtından sonra, GT də onun nəzarətindən çıxacaq ki, başqan seçilərsə, Müsavatda formal sədr olacaq.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00