“Dini çağırışlar Azərbaycandan kənarda hazırlanıb və paylaşıla bilər”

Tahir Abbaslı: “Ölkədə dini zəmində qarşıdurmanın baş verməsində xarici dairələr, müəyyən dövlətlər daha çox maraqlıdırlar”

"Hədəfləri də Azərbaycana sahib durmaq ola bilər"

Son günlər sosial şəbəkələrdə ölkədə dini qarşıdurma yaratmağa meyilli fikirlər səslənir. Özlərini müxtəlif dini cərəyanların nümayəndələri kimi təqdim edən insanlar sosial şəbəkə vasitəsilə digər dini icmalara qarşı savaş açılması çağırışı edirlər. Bu günlərdə facebook sosial şəbəkəsi vasitəsilə daha bir dini çağırış edilib. Belə ki, şiələrə qarşı Azərbaycanda tədbirlərin görülməsi, onların Azərbaycandan çıxarılması kimi təxribat xarakterli fikirlər yayılıb. Həmçinin ölkədə şiə məscidlərinin partladılması xəbərdarlığı da edilir  Bəs görəsən bu cür çağırışlar nəyə hesablanıb və Azərbaycanda dini zəmində hansısa təhlükə gözlənilirmi? Məsələ ilə bağlı fikirlərini bildirən İslam Demokrat Partiyasının sədri, Hacı Tahir Abbaslı hesab edir ki, bu kimi çağırışlar Azərbaycandan çox kənarda hazırlanıb və paylaşıla bilər: "Çünki Azərbaycanda elə bir ailə yoxdur ki, sünni və şiələrin bir-biriləri ilə qohumluq və dostluq əlaqəsi olmasın. Ölkə daxilində siyasi, iqtisadi və hərbi qüvvələrin, milli, demokratik və dövlət təfəkküründə olan vətandaşlarımızın belə qohumluq və dostluq əlaqələri bir daha sübut edir ki, belə üzücü xəbərlərin olması ehtimalı yoxdur. Hətta vəhabi, ya sələfi olan vətəndaşlarımızın belə təfəkkürdə olması və çağrışlar etməsi qeyri mümkündür. Çünki onlar əvvəla bizim vətandaşlarımızdır. Digər tərəfdən nə qədər olmasa onların da təfəkkürlərində Türk  həlimliyi, qeyrəti və namusu var.. Bu adamların qanı qanımızdan, canı canımızdandır. Nə qədər sıxıntı və təzyiq altında olsalar belə şiələrin Azərbaycandan çıxarılması və məscidlərin partladılması haqqında qərar verməyə ürəkləri olmaz". Tahir Abbaslının sözlərinə görə,  sadalanan amillər, mövcud isti münasibətlər və əlaqələr Azərbaycan vətəndaşının xeyirxah, qayğılı, mehriban, sədaqətli, səxavətli, qeyrətli, namuslu, vicdanlı və təəssübkeş durumunda olduğundan xəbər verir: "Əgər belə fikirlər Allah eləməmiş olarsa, onda ölkəmizi tamamilə boşaltmaq istəyində olan kənar, böyük qvvələr mövcuddur". İslam Demokrat Partiyasının sədri bildirir ki, Azərbaycanda dini zəmində qarşıdurmanın baş verməsində xarici dairələr, müəyyən dövlətlər daha çox maraqlıdırlar: "Əlbəttə, belə bir cəfəngiyyat təfəkkürü əlində, nəzarətində dövlətlər səviyyəsində belə maliyyə və hərbi sursatı olan qüvvələr sərgiləyə bilərlər.  Hədəfləri də Azərbaycana sahib durmaq ola bilər. Onu da qeyd edim ki, Azərbaycan hökuməti, dövləti və vətəndaşları hal-hazırda ayaq üstündədir və öz vəzifə borclarını yerinə yetirməlidirlər. Belə çağrışların vətəndaşlarımızla heç bir əlaqəsi olmadığından,  vəhabilərin ölkəmiz və vətəndaşlarımız üçün ciddi təhlükə yarada bilməsi inandırıcı deyil. Sadə vətəndaşların əlində heç bir silah-sursat və maliyyə mənbələri olmadığı halda, belə dağıdıcı və parçalayıçı addımlar ata bilməzlər. Hal hazırda yeganə çıxış yolu qərəzli və acıqlı qərar vermə deyil".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00