“Avropada Ukraynanı istəmirlər” - POLİTOLOQ
Zərdüşt Əlizadə: “Maaşların dondurulması, təqaüdlərin, hökumətin ictimai öhtəliklərinin azaldılması Ukrayna üçün heç də yaxşı nəticələr ortaya qoymayacaq”
18 Fevral 2014 13:50 SiyasətAvropa İttifaqı Ukraynada insanların etimadını qazanan və islahatlara başlayan hökumətə maddi yardım edəcək - "UDAR" Partiyasının lideri Vitali Kliçko Berlində Almaniya kansleri Angela Merkellə görüşdən sonra bəyan edib. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirdi ki, Avropa İttifaqı Ukraynada müxalifət tərəfindən yaradıldığı iddia edilən "hökumət"ə maddi yardım ayıra bilməz. Z.Əlizadə hesab edir ki, A.Merkel tərəfindən müxalifət lideri Kliçkoya verilən vəd heç bir məntiqə əsaslanmır. Beynəlxalq qanunvericiliyə görə, hər hansı bir dövlətin müxalifətinə kənar ölkənin maddi yardım verməsi, həmin dövlətin daxili işinə qarışmaq hesab olunur: "Nə Merkel, nə də Avropa İttifaqı belə bir qərara getməz. Avropa İttifaqının gizli yolla Ukrayna müxalifətinə kömək etməsi mümkündür. Lakin bu işin açıq şəkildə görülməsi baş tuta bilməz. Ukrayna müxalifəti yeni hökumət formalaşdırmayıb. Müxaliflər sadəcə Yanukoviçdən sonra qurulacaq hökumətin siyahısını hazırlayıblar. Hökumət ölkə prezidentinin təqdimatından sonra parlament tərəfindən təsdiq olunur. V.Yanukoviç sadəcə müxalifətə yeni hökumət təşkil etmək təklifini irəli sürüb. Amma müxalifət prezidentin təkliflərini qəbul etmir. Çünki müxalif düşərgə V.Yanukoviçin istefa verməsini, Konstitusiyanın dəyişməsini tələb edir. Müxalifət büdcəni ələ keçirib onu oğurlamağa səy gəstərir". Z.Əlizadənin sözlərinə görə, Avropa İttifaqı müxalifətə mövcud iqtidarın hakimiyyətdən getməsindən sonra yaradacağı hökumətə maddi yardım etmək sözünü verib. Politoloq hesab edir ki, Aİ-nin indiki məqamda Ukraynaya iri məbləğdə maddi yardım etmək imkanı yoxdur. Çünki qurumun bəzi dövlətləri iqtisadi böhrandan əziyyət çəkirlər: "Avropa dövlətləri Amerika kimi təminatsız pul çap edə bilmirlər. Çünki onlara daha ciddi və qarşılıqlı nəzarət var. ABŞ da Ukraynaya yardım etmək iqtidarında deyil. Amerikanın xarici dövlət borcu 16 trilyonu keçib. BVF-ın yardımı isə ictimai-iqtisadi sektorları əhatə edir. Maaşların dondurulması, təqaüdlərin, hökumətin ictimai öhtəliklərinin azaldılması Ukrayna üçün heç də yaxşı nəticələr ortaya qoymayacaq. BVF-ın bu tələblərini yerinə yetirən hökumət çökəcək. Belə olan təqdirdə xalq məqsədli şəkildə iqtidarı devirmək üçün ayağa qalxır. Ukraynada iqtisadi vəziyyət olduqca ağırdır. Bu gün Ukraynada iki oliqarx qrup arasında ölkə sərvətlərinin talanması uğurunda mübarizə gedir. Ukraynlar şüarlar səsləndirirlər ki: "Biz Avropanı istəyirik!". Avropada isə Ukraynanı heç kəs gözləmir". ("OLAYLAR İA")