Türkiyədə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçiriləcək
18 Fevral 2014 12:21 SiyasətTürkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər hazırlanır. Paytaxt Ankaranın Keçiörən bələdiyyəsində, İstanbul şəhərində, Uşak vilayətində və digər bölgələrdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidələrin açılış mərasimləri olacaq. Milli Mclisdən "Olaylar"a verilən məlumata görə, Milli Məclisin deputatları həmin tədbirlərdə yaxından iştirak edəcəklər. Bu məqsədlə Elman Məmmədov və Aqil Abbasov fevralın 18-dən 27-dək İstanbul şəhərində olacaq, nüfuzlu elm və təhsil ocaqlarında, bələdiyyələrdə, ictimai qurumlarda təşkil edilən anma mərasimlərinə qatılacaqlar. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov isə fevralın 24-dən 27-dək Ankarada səfərdə olacaqlar. Deputatlarımız tədbirlərdə Xocalı faciəsi barədə ətraflı məlumat verəcək, XX əsrin bu dəhşətli qətliamına dair sənədləri nümayiş etdirəcək, mövcud faktları bir daha Türkiyə ictimaiyyətinin nəzərinə çatdıracaqlar.