Əli Əliyev Eldar Namazovu debata çağırdı

"El" hərəkatı adlanan qurumun sədri Eldar Namazov son dövrlər mətbuata verdiyi bəzi açıqlamalarnda Vətəndaş və İnkişaf Partiyasının (VİP) fəaliyyəti, o cümlədən, VİP sədri Əli Əliyev haqqında həqiqətə uyğun olmayan əsassız fikirlər səsləndirib. VİP təmsilçilərinin Eldar Namazovun böhtan xarakterli həmin fikirlərinə tutarlı cavab vermələrinə və ondan Əli Əliyevə yönəlik ittihamlarını isbatlamağı tələb etmələrinə baxmayaraq, həmin şəxs  bu məsələdə hələ ki, susur. Hətta bəzi media orqanları tərəflər arasında səngiməyən mübahisələrə aydınlıq gətirilməsi üçün Əli Əliyev və Eldar Namazov arasında debatın təşkil olunması təşəbbüsünü irəli sürsələr də, "El" hərəkatının sədri bu təklifləri qəbul etməkdən anlaşılmaz tərzdə boyun qaçırır. Lakin VİP öz mövqeyinin haqlı olduğuna əminliyindən çıxış edərək, Əli Əliyev - Eldar Namazov debatının baş tutması üçün yeni təşəbbüs irəli sürməyə qərar verib.  "OLAYLAR"-ın xəbərinə görə,  VİP-in bu məqsədlə rəsmi qaydada "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna ünvanladığı müraciətdə adıçəkilən nəşrin redaksiyasında Əli Əliyev və Eldar Namazov arasında debatın təşkilinə şərait yaradılması xahiş edilib. Müraciətdə "Yeni Müsavat" rəhbərliyinin qeyd olunan debat təşəbbüsünü anlayışla qarşılayacağına və dəstəkləyəcəyinə ümid ifadə olunub.       

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00