Xocalı soyqırımı ilə bağlı İsveç parlamentinə bəyanat təqdim edilib
17 Fevral 2014 15:59 Siyasət"Azərbaycan Naminə" Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində İsveç Parlamenti, İsveç hökuməti və Xarici İşlər Nazirliyinə, İsveçdə yerləşən beynəlxalq təşkilatların ofisinə qətliamı pisləyən bəyanat təqdim edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, bəyanatda 1992-ci ilin 25-26 fevral tarixinin Azərbaycan tarixində qanlı faciə günü kimi yaddaşlarda həkk olunduğu, həmin gecə erməni silahlı qüvvələrinin Xankəndi şəhərini tamamilə darmadağın etdiyi, bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir. Sənəddə 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliam Xocalı Xatın, Liditse, Oradur faciələri ilə müqayisə olunur. Bəyanatda daha sonra deyilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir. Qətnamədə İsveç hökuməti, dünya ictimaiyyəti bu faciəyə biganə qalmamağa çağrılır.