“Vyanada İrana qarşı praktiki addım atılacaq” - POLİTOLOQ
Qabil Hüseynli: “Əgər İran nüvə texnologiyası əldə etsə, bu, dünya üçün ciddi təhdid mənbəyi olacaq”
17 Fevral 2014 15:58 SiyasətPolitoloq Qabil Hüseynli İran və "Altılıq" ölkələri ilə fevralın 18-də Avstriyanın paytaxtı Vyanada yekun razılaşmanın əldə edilməsi üçün baş tutacaq görüşə münasibət bildirib. Q.Hüseynli hesab edir ki, "Altılıq" ölkələri nüvə proqramına dair aparılan danışıqlarda İrana qarşı yumşaq davranmağa çalışırlar. Qərbin "yumşaq güc" siyasətində güddüyü əsas məqsəd İranın nüvə proqramını təxirə salmaq və bəzi nüvə komponentləriin istehsalını dayandırmaqdır. Q.Hüseynli qeyd edib ki, İranın irəli sürülən şərtlərə əməl edəcəyi və anlaşmanı tam şəkildə yerinə yetirəcəyi inandırıcı deyil. Bundan əvvəl əldə edilmiş razılaşmaya əsasən İran uranın zənginləşdirilməsini dayandırmalı idi. Politoloqun sözlərinə görə, hətta bu barədə bəyanat səsləndirdi ki dayandırıb və MAQATE-nin təftiş heyətini ərazisinə buraxdı. MAQATE bununla bağlı arayış hazırlamalı idi: "Çox güman ki, Vyanada keçirilən növbəti görüşdə təşkilatın təqdim etdiyi arayış müzakirə ediləcək və İranın "Altılıq" ölkələrinin şərtlərini hansı formada yerinə yetirdiyi məlum olacaq. Mətbuatın səsləndirdiyi məlumatlara əsasən, İran hələlik üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, imkan daxilində Qərbi aldatmağa çalışır. İran şərtlərə əməl etməməklə böyük riskə gedir. Belə olmayacağı təqdirdə Qərb və İran arasında münasibətlər yenidən sərt şəkildə kəskinləşəcək. İrana qarşı növbəti sərt iqtisadi sanksiya paketləri tətbiq olunacaq. Vyana görüşü bu çərçivədə İran-Qərb əlaqələri üçün mühüm rol oynayacaq. İranın səmimiyyətinin yoxlanılması üçün mühüm praktiki addım atılacaq. İran böyük dövlət olmaq və regional gücə çevrilməyə çalışır. "İslam bombası" yaratmağa cəhd edir. Guya buna nail olub. Əgər İran "İslam bombası" və nüvə texnologiyası əldə etsə, bu dünya üçün ciddi təhdid mənbəyi olacaq. Teokratik rejim İran Konstitusiyasında da yazır ki, o özündə olan siyasi texnikasını digər ölkələrə ixrac etməyə hazırdır. İrana nüvə silahı qədər təhlükə olan rejim başçılıq edir və bu rejimdən hər şey gözləmək olar. İranın pozuculuq niyyətləri bir sıra terror təşkilatlarını dəstəkləməkdə öz ifadəsini tapır. Məsələn, Suriyada döyüşən "Şam-İraq İslam Ordusu" radikal təşkilatı, "Həmas" İran tərəfindən maliyyələşdirilir. "Hizbullah" İranın əsas vəzifə dəstəkçisidir. "Hizbullah" Livan ərazisində yerləşməsinə baxmayaraq, terror təşkilatı İranın Qərbə nəzarəti üçün əsas vasitədir. Həmçinin İran tərəfindən dəstəklənən və İraq ərazisində yerləşən "Mehdi ordusu" bu ölkədə sünni-şiə ədavətinin müharibə həddinə çatdırılmasında xüsusi fəallıq göstərir. Əgər İran qonşu dövlətlərlə normal əlaqələrə sahib olsaydı, vəziyyət bu qədər çətin olmayacaqdı. İranın pozuculuq siyasəti bütün dünyanı narahat edir". ("OLAYLAR" İA)