Qənirə Paşayeva: “Ermənistanın Qaradağlıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmalıdır”
17 Fevral 2014 12:35 SiyasətGürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü ilə "Xocalıya Ədalət!" kampaniyasına start verilib və fevral ayı Gürcüstanda "Xocalı ayı" elan olunub. AMM-nin rəhbəri Fazil Həsənov bildirib ki, hər il fevral ayında dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycan xalqının başına gətirilən faciələri anır, bu qətliamlar haqqında geniş tədbirlər keçirilir.
Azərbaycan MM-in üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, Xocalı, Qaradağlı faciələri Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə daha çox çatdırılmalı, istər gürcü gənclərinə, istərsə də xaricdə təhsil alan azərbaycanlı gənclərə bu faciə haqqında ətraflı məlumat verilməlidir. Millət vəkili "Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmalıdır və bu soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir" deyib.
Sonda Xocavənd rayon İcra Hakimiyyətinin hazırladığı "Qaradağlı soyqırımı" filmi nümayiş etdirilib. Eyni zamanda millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabı tədbir iştirakçılarına təqdim olunub.