Niderlandda Xocalı ilə bağlı açıq dərs keçirilib
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi faciə qurbanlarını andı
17 Fevral 2014 12:34 Siyasət"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsi ilə bağlı anım tədbirlərini davam etdirir. Birliyin sədri Mayisə Ağamirzəyeva bildirib ki, faciə ilə bağlı Nizami Gəncəvi adına "Haaqa Azərbaycan məktəbi"ndə "Əsrin Faciəsi" adlı açıq dərs keçirilib. Fevralın 15-də reallaşan açıq dərsdə şagirdlər və onların valideynləri, və cəmiyyətin fəalları iştirak ediblər. Mayisə Ağamirzəyeva deyib ki, açıq dərs şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlər Azərbaycanın dövlət atributlarını sayıb, mənalarını valideynlərin qarşısında bir daha təkrar ediblər: "Azərbaycan əlifbasının bütün hərflərini artıq əzbər bilən uşaqlar bu qısa zamanda öyrəndikləri ilə hamımızı valeh etdilər. Bu gün uşaqlar şəhid sözünün mənasını daha dərindən öyrəndilər və sıra ilə "Laylay, Xocalım, laylay" şeirini söylədilər. Şəhid Kamil Yusifovun həyat yoldaşı Nərminə Yusifova şəhidlik haqqında uşaqlara onların anlayacaqları formada, sadə dillə məlumat verdi".