“Vətəndaş müharibəsi Suriyanı dağıdır” - POLITOLOQ
Vəfa Quluzadə: “Ölkə yox olmağa doğru gedir”
17 Fevral 2014 12:32 SiyasətPolitoloq Vəfa Quluzadə Cenevrədə növbəti dəfə Suriya probleminin həll edilməsinə dair keçirilən toplantıya münasibət bildirib. V.Quluzadə hesab edir ki, Cenevrə Konfransı Suriya probleminin həll edilməsi üçün heç bir effekt verməyəcək. Vətəndaş müharibəsinin Suriyanın dağılması prosesini sürətləndirdiyini deyən politoloq qeyd edib ki, ölkə tamamilə yox olmağa doğru gedir. Vəfa Quluzadənin sözlərinə görə, vəziyyətin hər keçən gün bir az da gərilməsi Suriyanın gələcəyi üçün pozitiv nəticə ortaya qoymağa ümid vermir. Suriya vətəndaş müharibəsinin uzanması məsələsinə toxunan V.Quluzadə vurğuladı ki, bu ölkəni uzun müddət diktator rejimi idarə edib: "Xalq üsyanı başlayandan sonra rejim tərəfindən təzyiq altında saxlanılan qüvvələr aktivləşdilər. Suriyada bu gün baş verən vətəndaş müharibəsində həmin qüvvələr əsas pay sahibidirlər. Sünnilərin üstün olduğu ölkədə hökumət şiələrdən təşkil edilib. Bu faktor isə şiə-sünni narazılığını gücləndirir. Məzhəb qruplaşmalarından başqa xarici qüvvələr də müharibədə aktiv şəkildə iştirak edirlər. Dünyanın bütün dövlətlərindən Suriya vətəndaş müharibəsində iştirak edən döyüşçülər var. Həmin qüvvələri istiqamətləndirən və maliyyələşdirən təşkilat, həmçinin xarici ölkələr var. Radikal terror təşkilatlarının arxasında hegemon dövlətlər dayanır. Həmin təşkilatların Suriyaya özbaşına yönəlməsi inandırıcı deyil. Xarici faktorlar Suriyanı çökdürüb bu ölkədə öz ideologiyasına xidmət edən hökumət formalaşdırmaq istəyirlər. Dünyanı idarə edən qüvvələrin Suriya ilə bağlı əsas strategiyası bu ölkəni öz siyasi iradəsinə tabe etməkdir". ("OLAYLAR" İA)