Xədicə İsmayılovanın siyahısı nəyə xidmət edir?

Siyahıya AXCP sədri Əli Kərimlinin adının salınmaması şübhə doğurur

Jurnalist Eynulla Fətullayevin "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqaləsi müxalifət düşərgəsində qarşılıqlı ittihamların daha da qızışmasına səbəb olub. Jurnalist yazısında ötən ay ABŞ Senatı aparatının iki əməkdaşı - Con Zadrozni ilə Daniel Vajdiçinin Bakıya gəldiyini və "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova ilə ölkədəki ictimai-siyasi durumu müzakirə etdiklərini qeyd edib. E.Fətullayev yazısında X.İsmayılovanın amerikalı nümayəndələrə ölkə müxalifəti və jurnalistlərlə bağlı siyahı təqdim etdiyini göstərib. Siyahıda göstərilən şəxslərin hakimiyyətə işlədiyi iddia olunur. Sirr deyil ki, zaman-zaman müxalifət düşərgəsindən xarici ölkələrin xüsusi xidmət orqanlarına donos ötürənlər tapılıb. Maraqlısı odur ki, belə "məxfi məlumatlar" xüsusilə Azərbaycanda əlamətdar hadisələr öncəsi ortaya çıxır. Yəni, prezident, parlament seçkiləri, hansısa əlamətdar beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi "narahat siyasətçilərin" fəallaşması ilə müşayiət olunur. Aydın məsələdir ki, ağına-qarasına baxmadan tərtib edilən belə qərəzli məlumatlar Azərbaycanın imicinə zərbə vurmaq, iqtidarı mümkün qədər suçlamaq istəyinə hesablanıb. Dəfələrlə şahidi olmuşuq ki, istər radikal mövqe tutan hüquq müdafiəçiləri, istərsə də müxalifət təmsilçiləri dəfələrlə Azərbaycanda baş verən siyasi proseslərlə bağlı həqiqətə uyğun olmayan məlumatları ölkəmiə qarşı qərəzli münasibətilə seçilən beynəlxalq təşkilatlara ötürüblər. AXCP-yə yaxınlığı ilə tanınan Xədicə İsmayılovanın ABŞ kəşfiyyatçılarına təqdim etdiyi "məxfi siyahı" isə tamamilə fərqlidir. Bu fərqlilik onunla seçilir ki, siyahıda müxalifətdə təmsil olunan şəxslərin adları daha nəzərəçarpacaq tərzdə verilir. Siyahıda demək olar ki, müxalifətin əksər nümayəndələri şübhə altına alınıb. Özünü ən radikal müxalifət hesab edən Müsavatın, "REAL" hərəkatı nümayəndələrinin, bəzi media əməkdaşlarının da, konstruktiv müxalifətçilik mövqeyindən çıxış edən şəxslərin də iqtidara "işlədiyi" göstərilir. Əvvəla onu qeyd edək ki, belə bir siyahının olub-olmaması heş bir halda müzakirə predmeti ola bilməz. Çünki Eynulla Fətullayev açıqlamasında bildirib ki, məlumatı təsdiq edən sənəd əllərindədir və həmin sənəd kifayət qədər etibarlı mənbədən əldə edilib: "Bu siyahının amerikalılara "Art Garden" restoranındakı görüşdən əvvəl, yoxsa sonra verildiyini deyə bilmərik. Bu haqda bizə heç nə məlum deyil. Amma bir şey dəqiq məlumdur ki, Zadrozniyə baxanda nisbətən az təcrübəli olan gənc Vajdiçin səhlənkarlığı və Bakı aeroportunda gömrükdən keçərkən yol verdiyi diqqətsizlik X.İsmayılovanın bu hay-küylü hesabatı barədə informasiya sızıntısına yol açıb. Bu hesabat redaksiyamıza da elə gömrük xidmətindəki mötəbər mənbə tərəfindən verilib. Qeyd edək ki, Xədicə İsmayılovanın hesabatında hakimiyyətlə əməkdaşlıqda ittiham edilən əksər müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru təmsilçilərinin adları göstərilir. Qəribədir ki, siyahıda təkcə AXCP sədri Əli Kərimlinin adına rast gəlinmir. Gözdən pərdə asmaq üçün sözügedən pariyadan yalnız Həsən Kərimlinin adı siyahıya salınıb ki, o da guya MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. Hansı ki, dövlətin və xalqın təhlükəsizliyi baxımından hər bir Azərbaycan vətəndaşının bu qurumla əməkdaşlığı mümkün hal hesab olunur. Deməli, AXCP sədri Əli Kərimlinin adı siyahıya bilərəkdən salınmayıb. Etimal olunur ki, hələlik müəllifi kimin olduğu bilinməyən siyahının hazırlanmasında ciddi siyasi məqsədlər olub, eyni zamanda ABŞ-a ünvanlanmış mesajlar əsas sujet xəttini təşkil edib. Hansı ki, müxalifət düşərgəsindən AXCP sədri Əli Kərimlinin xarici kəşfiyyat orqanlarına və iqtidara işləməsi barədə dəfələrlə məlumatlar dərc olunub. Özü də belə məlumatlar daha çox müxalifət təmsilçiləri tərəfindən səsləndirilib. Elə "Əli Kərimlinin əlinin iqtidarın cibində olması", "gecələr iqtidar, gündüzlər müxalifət olması" frazaları da müxalifət mətbuatının məhsuludur. Belə halda onun adının hakimiyyətə işləyən siyasətçilərin siyahısına salınmaması şübhə doğurur. Qeyd edək ki, düşünülmüş şəkildə hazırlanmış bu siyahı bir neçə məqsəd daşıya bilər. Məsələn, mümkündür ki, müəllif bununla ABŞ-a çatdırmaq istəyib ki, Azərbaycanda AXCP-dən başqa müxalifət yoxdur və bu adla çıxış edən hər kəs hökumətin adamıdır. Bu faktlar xalqa agah olduğundan onların ardınca getmir. Ölkədə belə vəziyyətin yaranması AXCP sədri Əli Kərimliyə Qərbin dəstəyini vacib edir. Digər tərəfdən, mümkündür ki, Xədicə İsmayılova belə bir siyahı hazırlamaqla özünü Avropanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa təklif etsin. Əslində isə hər iki halda belə bir siyahının ortaya çıxması hər bir kəsin siyasi proseslərdəki nüfuzuna ciddi zərbədir.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00