AXCP-də bolşevik meylləri
“Partiyada bizim kimi düşünməyən, bizdən deyil” prinsipi hökm sürür
14 Fevral 2014 13:22 SiyasətAXCP sədrinin müşaviri Zərifə Məhəddinova vəzifəsindən azad olunub. Bu barədə AXCP mətbuat xidməti məlumat yayıb. Məlumatda geniş açıqlama verilmir, mümkün qədər hadisənin tez unudulmasına çalışılır. Müxalifət daxilindən məlumatlı mənbələr Zərifə xanımın Əli Kərimlinin müşaviri bir müddət öncə AXCP-dən və Milli Şuradan istefa verib "Vətən Arzusu" hərəkatı yaratmış Asəf Quliyevlə bağlayıblar. Hesab olunur ki, Zərifə xanım AXCP daxilində iş aparır, cəbhəçiləri Asəf Quliyevin təşkilatına aparmaq istəyirmiş. Müşavirin bir müddət sonra səs-küylü şəkildə istefa verəcəyi də gözlənilirmiş. Ona görə də, partiya sədri çevik davranaraq müşaviri özü vəzifədən azad edib. "Yeni Müsavat"a müsahibəsində Zərifə xanım partiyadan istefa verməyəcəyini, sıravi üzv kimi qalacağını bildirib. Amma yəqin ki, onu partiya üzvlüyündən də xaric edəcəklər. Çünki AXCP-də və digər müxalifət partiyalarında "bizim kimi düşünmürsənsə, bizdən deyilsən" ovqatı hökm sürür. Bu da məşhur bolşevik metodudur.
Zərifə xanımın müsahibəsi onun necə bir təpki altında, psixoloji təzyiq altında olduğunu göstərir. Sabiq müşavir deyir ki, partiyadan da istefa versəydim, deyəcəkdilər ki, bu da 5 milyon manata satılıb. Deməli, müxalifət partiyaları üçün adamlaırn zərrə qədər də qiyməti yoxdur. Partiya funksioneri, partiya fəalı, partiyaya xidmət edən jurnalist yalnız yaralılıq müddətində lazımdır. Elə ki başqa bir fikrə düşdü, məsələn, radikal mübarizə metodlarının, icazəsiz aksiyaların gərəksiz olduğunu dedi, o zaman düşmənə çevrilir.
Bu günə qədər istər Müsavatda, istərsə də AXCP-də dəfələrlə bu cür hallar olub. Fərqli yanaşmalara görə, insanları partiyadan azad ediblər. Kimisə vəzifədən çıxarmaq, partiyadan kənar etmək normal haldır. Amma məsələ burasındadır ki, adamları düşüncəsinə görə dışlayırlar və bütün keçmiş fəalliyyətinin də üstündən xətt çəkirlər. Adam illərini AXCP-yə və ya Müsavata verir, bütün icazəli-icazəsiz aksiyalarda iştirak edir, bir gün Əli Kərimlinin, İsa Qəmbərin taktiki gedişinə qarşı çıxırsa, partiyadan azad olunur. Fuad Qəhrəmanlının qara piar maşını 5 dəqiqənin ərzində adamı suçlu çıxarır, xain elan edir. Halbuki adam illərini AXCP-nin uğur qazanmasına vermiş, qohum-əqraba arasında hörmətini itirmiş, "Əli bəy prezident olacaq" ümidi ilə neçə tanışı, dostu-qohumu ilə pozuluşmuşdu.
Ömrünün ən mənalı çağlarını, gəncliyini müxalifət partiyalarına qurban vermiş insanların heç bir əsas göstərilmədən xərclənməsi, dışlanması olduqca ağrılı prosesdir. İnsanlara bu cür bolşevik yanaşması partiyada qalanlara da pis təsir edir. İnsanlar səmimi mühitdə olmadıqca, hər an şübhə və qorxu altında yaşadıqca müxalifətçiliyə inam sarsılır, mübarizə əzmi qırılır. Adamlar arasında xof var: onlar hər an Qəhrəmanlının qara siyahısına düşə, partiyadan, müxalifətdən xaric oluna bilərlər. Bolşevizm də bir siyasi məktəbdir. Siyasi partiya bütün metodlardan istifadə edə, imicini qoruya, adamların partiyadan getməsinin qarşısnı ala bilər. Bəlkə də AXCP-də belə hesab edirlər ki, partiyanı əks fikrə meydan verməməklə, fərqli fikirdə olanları dışlamaqla qoruyub saxlamaq mümkündür. Ancaq bu, ona görə, əcaib görünür ki, bu metodu bolşevizmi düşmən elan etmiş, demokratik quruluş, fikir plüralizmi tərəfdarı olduqlarını iddia edən sağ mərkəzçi partiyalar tətbiq edirlər.
Ərhun Abbas