YAP Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək
14 Fevral 2014 13:13 SiyasətYeni Azərbaycan Partiyasının Humanitar məsələlər komissiyasının iclası keçirilib. "OLAYLAR"-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov iclasın gündəliyi haqqında məlumat verib. İclasda ilk olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini seçilib. Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub. Y.Hümbətov bildirib ki, iş planında Xocalı və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar konfrans, YAP fəalları ilə birgə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcək. Müzakirələr zamanı komissiyanın üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda komissiyanın iş planı qəbul olunub.