Milli Şura-El hərəkatı savaşı qızışır - SİYASİ ANALİZ
Keçmiş müttəfiqlər nədən dalaşır?
13 Fevral 2014 14:06 SiyasətMilli Şuranın keçmiş qurucuları savaşa başlayıb. Müsavatın ardınca Şuradan çıxan Eldar Namazov və tərəfdarları Cəmil Həsənliyə qarşı söz savaşı aparırlar. Savaşın başlamasına səbəb El Hərəkatının sədri Eldar Namazovun "Cəmil Həsənli Etibar Məmmədov və İsa Qəmbərdən də az səs toplamışdı" deməsi olub. Milli Şuranın sədri Cəmil Həsənli indiyə qədər qurumu tərk edənlərə qarşı sərt danışmırdı. Müsavat Şuradan çıxanda C.Həsənli bunu dözümlü qarşıladı. Müsavatla savaşı AXCP apardı. Halbuki İsa Qəmbər də "Azadlıq" radiosuna açıqlamasında Cəmil Həsənlinin az səs topladığını söyləmişdi. Eldar Namazov qeyri-müəyyən danışıbsa, İsa Qəmbər tam çılpaq rəqəm ortaya qoymuş, "Cəmil Həsənli 200 min səs alıb" demişdi. Məntiqlə Cəmil müəllim daha çox İsa Qəmbərə kükrəməli, Müsavatın üstünə getməli idi. Amma Milli Şura Müsavatla savaşmadı, əksinə Müsavatın Rəsulzadə tədbirinə qatıldı. Cəmil müəllimin El hərəkatına qəzəblənməsinin səbəbi Milli Şuranın dağılmasının qarşısnı almaqdır. Cəmil Həsənli Eldar Namazovu intriqa yaratmaqda, peşəkar yalan danışmaqda suçlandırıb. Milli Şuranın sədri Cəmil Həsənli El hərəkatının başqa bir üzvü Köçəri Nağıbəylini də ittiham edib. Köçəri bəy regionçuluqda ittiham edilib.
Milli Şuranın müvəqqəti birlik olduğu əvvəldən bəlli idi. Gözlənilirdi ki, yayda bir araya gəlmiş qüvvələr az müddətdən sonra üz-üzə gələcəklər. Eldar Namazovun Milli Şuradan getməsi əslində Cəmil Həsənli quruma sədr seçiləndə reallaşmışdı. Namazovun seçkiyə qədər Şuradan çıxması qeyri-etik addım olardı. Eldar Namazov Milli Şuraya ona görə can yandırırdı ki, Rüstəm İbrahimbəyov onu ikinci şəxs təyin etmişdi. İcra aparatının rəhbəri olaraq Namazov İsa Qəmbərdən də, Əli Kərimlidən də üstün sayılırdı. Cəmil Həsənli prezidentliyə namizəd olandan sonra vəziyyət dəyişdi. Namazovun statusu kiçildi. Namazov seçkidə də könülsüz iştirak etdi. Bəlli idi ki, Namazov Milli Şuradan gedəcək. Onun Milli Şuradan getməsi də Müsavatdan fərqli oldu. Politoloq olduqca mədəni şəkildə qurumu tərk etdi. Bununla belə sərt ittihamlara məruz qaldı. Namazovun, bütövlükdə El Hərəkatının ittihamlara məruz qalmasının arxasında AXCP dayanır.
Cəmil Həsənlinin ittihamlarının ardınca, AXCP-yə yaxın yazar Xədicə İsmayılın mediaya çıxmış "Hakimiyyətə işləyənlər" siyahısı da qalmaqal yaradıb. Maraqlıdır ki, siyahıda AXCP yoxdur. Müsavat, KXCP, müstəqil hüquqşünas və jurnalistlər var, amma AXCP, Milli Şurada qalan digər şəxslər yoxdur. Yalnız gözə kül üfürmək üçün siyahıya AXCP-dən Həsən Kərimov daxil edilib. Heç şübhəsiz ki, X.İsmayılın siyahısı da müxalifətdaxili ziddiyyətləri gücləndirəcək. Milli Şura sədrinin El-ə hücumu, ardınca X.İsmayılın siyahısı AXCP-nin qəti hücuma keçdiyini göstərir. AXCP bu ittihamlarla müxalifətin sərhədlərini müəyyən etmək, Müsavatı və kənar qüvvələri tamamilə sıradan çıxarmaq istəyir. Yeri gəlmişkən, yəqin ki, KXCP də bu ittihamlardan sonra Milli Şuranı tərk edəcək.
Görünür, AXCP və onu dəstəkləyən dairələr 2015-ci ilə hazırlığa artıq başlayıblar. İlk olaraq müxalifətin sərhədlərinin müəyyən edilməsi addımı atılıb. Xədicə İsmayılın siyahısı AXCP-nin perspektivdəki addımlarının konturları sayıla bilər. Bunun ardınca qara piar işə düşəcək, "satqınlar" hədəfə alınacaq, müxalifətdən dışlanacaq. AXCP əsil müxalifət olaraq özünü, Milli Şurada toplanmış şəxsləri görür. Bu siyahıdan sonra AXCP-Müsavat savaşının növbəti mərhələsi başlana bilər.
Ərhun Abbas