“Ukrayna lombarda qoyulub” - ŞƏRH

Zahid Oruc: “ABŞ qüvvələri də çox mütəhərrik bir şəkildə Maydandakı hadisələri idarə edirlər”

"Noyabrın 28-də keçirilən Vilnüs sammitindən sonra Ukraynadakı proseslər idarəolunmaz bir hala gəlibdir və Maydan siyasi hadisələrin və bəlkə də ölkənin idarəçiliyinin mərkəzi ünvanına çevrilib. Orada xalqın bir hissəsinin təmsilçiləri Yanukoviç hakimiyyəti əleyhinə kəskin etirazlarını bildirirlər. Burada beynəlxalq amillər də güclü dərəcədə rol oynayır" Bu açıqlamanı ilə millət vəkili Zahid Oruc Ukraynadakı hadisələri "OLAYLAR"a şərh edərkən bildirib.

Millət vəkili hesab edir ki, Qərblə Rusiyanın Ukraynada açıq şəkildə siyasi toqquşmasını görünür. Proseslər onların hansının güclü olması nəticəsində məntiqi sonluğuna çatacaq. Yanukoviç artıq xeyli qüvvə itkilərinə yol verib. Bir tərəfdən Nazirlər Kabinetinin buraxılması gerçəkləşib, o biri yandan əksər əyalətlərdə onun adminstrasiya rəhbərləri istefa verməyə məcbur olublar, bəzi rəsmi dövlət binaları müxalifət binaları tərəfindən tutulub və müəyyən danışıqlardan sonra buraxılıb.

Zahid Oruc qeyd edib ki, Ukraynada yaranmış vəziyyət Yanukoviç hakimiyyəti üçün xeyli çətindir: "Amma öz-özlüyündə bundan sonrakı dönəmdə əvvəlki manevr qabiliyyətini saxlayaraq xalqın etirazını sakitləşdirmək və  Yanukoviçi geopolitik düyünü açmaq imkanları xeyli dərəcədə çətin və mürəkkəb görünür. Məsələ ondan ibarətdir ki, ölkə sanki böyük bir lombarda qoyulubdur. Rusiyadan külli miqdarda borc götürülüb. Onun artıq 3 milyard dollara qədərini alıbdır. Bundan sonra həmin o qiymətli kağızalara qoyulacaq vəsaitlər sanki Ukraynanın satılması mənzərəsini yaradır. Elə bil ki, bu razılaşmada kim daha çox verirsə o qalib gəlir". Bu mənada millət vəkili hesab edir ki, Yanukoviçin hakimiyyətinin laxlaması və onun iqtidarının çökməsi elə də ağlasığmaz proqnoz deyil, yəni bu ehtimallar kifayət qədər güclüdür. Müxalif dairələr son həmləyə hazırlaşırlar. Bir tərəfdən əhalinin böyük əksəriyyətinə qarşı xüsusi xidmət orqanlarının amansızlığı fonunda onların da radikalizmi və kəskinliyi artıb. Özünümüdafiə batalyonları meydana çıxıb. Hadisələrin gedişatı onu göstərir ki, toqquşmalar daha da dərinləşəcək. Avropa Birliyi yardım paketlərinin ayrılmasını ortaya qoyub. ABŞ qüvvələri də çox mütəhərrik bir şəkildə Maydandakı hadisələri idarə edirlər. "Əgər Yanukoviç iqtidarı müəyyən bir zamanda tab gətirə bilməsə və növbədənkənar seçkilərə getmək qərarı verilsə o təbii ki bu prosesi uduzacaq. İkinci dəfə belə narıncı inqilabın qalib gəlməsi belə Ukraynanın müvazinətini düzəldə bilməyəcək, onun müstəqil dövlət kimi suverenliyini möhkəmləndirməyəcək. Çünki bu illər ərzində ölkə iqtisadi cəhətdən çöküb. Bu il qaytarılacaq borcların məbləği 12 milyard dollardan artıqdır. Bütövlükdə müəssisələrlə birlikdə bunun  məbləği 100 milyard dollardan artıqdır. Bunun təkcə 4 milyardı Beynəlxalq Valyuta Fonduna qaytarılmalıdır. Belə hesab edirəm ki, 46 milyonluq bir ölkənin ağır vəziyyətə düşməsində elə vaxtilə Kuçma hakimiyyətini yıxan Yuşenko iqtidarının da rolu az olmayıb" deyə Zahid Oruc fikirlərini ifadə edib.

Ona görə də Ukrayna növbəti narıncı inqilabın ərəfəsindədir. Amma bu xalqın arzularını gerçəkləşdirməyə şərait yaratmayacaq. Ukrayna öz coğrafiyasının girovluğundadır. Onun şərq və qərb hissəsi də siyasi cəhətdən bölünmüş şəraitdədir. İstənilən "narıncı"lar yaxud başqa rəng daşıyıcıları hətta faşist partiyaların, millətçi dairələrin gücü ilə də şərq hissənin hamısının maraqlarını öz üzərində cəmləşdirmək mümkün deyil. Ona görə də Yanukoviçin üzərində qələbə çalmaq hələ avtomatik ölkənin gələcək həyatının üzərində uzun müddət iqtidar sahibi olmaq anlamına gəlməyəcək.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00