“Rəsul Quliyevin ağzına gələni danışmasına öyrəşmişik” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Namazov-Həsənli davası, üstəgəl də Milli Şura daxilindəki gərginlik və qurumdan ayrılanların savaşı müxalifəti daha çox zəiflədir”

"Rəsul Quliyevin ağzına gələni danışmasına öyrəşmişik. Uzaq ABŞ-da oturub Azərbaycanda bir kimsə ilə yola getmir, yaratmadığı partiya, dəyişmədiyi blok qalmayıb" - politoloq Elxan Şahinoğlu müxalifət daxilində baş verən proseslərə münasibət bildirərkən belə deyib. E.Şahinoğlu hesab edir ki, R.Quliyev reallıq hissini itirib. E.Şahinoğlu qeyd edib ki, media nümayəndələrinin ondan müsahibə götürməsi başadüşülən deyil: "Bu şəxsin heç bir siyasi çəkisi qalmayıb". Politoloq "EL" Hərəkatının sədri Eldar Namazovla Milli Şura sədri Cəmil Həsənli arasında olan intriqaya da toxunub. E.Şahinoğlu bildirib ki, Namazov və Həsənli arasında sərtliyi aşan polemika düşündürücüdür: "Hər ikisi siyasətçidən öncə ziyalıdırlar. Ziyalılar Forumunda birgə fəaliyyət göstəriblər. Dünənə qədər bir-birlərinə hörmətlə yanaşıblar. Ancaq indi bu iki ziyalının bir-birinin ünvanına demədikləri söz qalmayıb. Ziyalılar arasında intriqanın baş verəcəyi gözlənilən deyildi. Onların dilindən nələr eşidirik. "Yalan danışır", "intriqa ustası" və s. Namazov-Həsənli davası, üstəgəl də Milli Şura daxilindəki gərginlik və qurumdan ayrılanların savaşı müxalifəti daha çox zəiflədir. Lakin tərəflər bunun fərqində deyillər". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00