İsa Qəmbər Müsavat başqanlığında qala bilər - SİYASİ ŞƏRH

“Situasiya dəyişir, başqan 5 il də qalsın” təbliğatı başladı

Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Müraciətdə meriyadan 1000 nəfərlik zal istənilir.  Partiya mayın 24-də qurultayını reallaşdırmaq istəyir. Məlumat mətbuata fevralın 11-də çıxıb. Müsavatın cəmiyyətə mesaj verdiyi ortadadır. Milli Şuradan əsassız bəhanə ilə çıxmağın ittihamlarını özündən kənarlaşdırmağa çalışan Müsavat bu dəfə qurultayla gündəmi məşğul edəcək. Bu və digər yollarla İsa Qəmbərin Müsavat başqanlığından gedəcəyi mesajı verilir. Ki, may ayına qədər həm Müsavat gündəmdə olsun, həm də Milli Şura söhbətləri qapansın. İsa Qəmbər dolayı yollarla maraqlı dairələrə gedəcəyini bildirir. Bazarlıq mesajı verir. Məsələn, tanınmış bir politoloqla söhbətində başqan bildirib ki, artıq siyasi mübarizədən yorulub və getmək niyyəti ciddidir. İsa Qəmbər sponsor olarsa, ciddi dairələrdən dəstək alarsa, strateji araşdırma mərkəzi yarada biləcəyini də bildirib. Başqanın mövqeyi anlaşılandır. Adam 25 ildir siyasətdədir. Partiya liderliyinin acılı günlərini də görüb, zövqünü də yaşayıb. Amma bütün insanlar yorulur. İsa Qəmbər siyasi lider olaraq 1993-cü ildən sonra qələbə üzünə həsrətdir. Onun son 20 illik siyasi ömrü intriqalarda, qovğalarda keçdi. Ciddi siyasi nəticə isə yoxdur. Əksinə, itkilər çoxdur, Müsavat son 20 ildə əhəmiyyətli dərəcədə kiçilib. İsa Qəmbər 25 illik siyasi kapitalını maddi kapitala dəyişmək istəyinə düşə bilər və bu tamamilə təbiidir. Amma məsələ burasındadır ki, bu, İsa Qəmbərin mövqeyi və istəyidir. Müsavatdakı digər qrup liderlərinin heç də hamısı bunu istəmir. İsa Qəmbərdən sonra başqa olmağa ən real və şanslı adam Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdır. O, qardaşları Mustafa və Vaqif Hacıbəylilər İsa Qəmbərin getməsindən yanadırlar. Ancaq Məclis sədri Arzu Səmədbəyli, "Yeni Müsavat"ın baş yazarı,   "dərin Müsavat"ın əsas fiqurlarından biri Rauf Arifoğlu bunu istəmir. Arzu Səmədbəyli dəfələrlə bildirib ki, İsa Qəmbər qalsın. Rauf Arifoğlu isə artıq "İsa Qəmbər qalsın" təbliğatına başlayıb.  "Yeni Müsavat"da "İsa Qəmbər getsinmi-qalsınmı" məsələsinə tanınmış jurnalistlərdən rəy öyrənilib. Maraqlıdır ki, əsasən müxtəlif zamanlarda "İsa Qəmbər qalsın" demiş şəxslərin fikri öyrənilib. Həmid Herisçi, Çingiz Sultansoy və Elnur Astanbəyli birmənalı şəkildə İsa Qəmbərin qalmasını zəruri sayıblar. Yazıçı Həmid Herisçinin fikri daha maraqlıdır. Həmid bəy bildirib ki, həlledici dövrdə İ.Qəmbərin başqanlıqdan getməsi yerinə düşmür: "Rusiyanın Soçi Olimpiadasını təşkil etməsi elə-belə deyil. Təzyiqlər güclənir, Gömrük İttifaqı yaranacaq, rubl dövrü qayıdır. Belə yerdə Azərbaycana təzyiqlər şiddətlənəcək, müxalifətin də üzərinə güc düşəcək. Belə vaxtda İsa Qəmbərin getməsi və onun yerinə gələn nəslin Rusiyanın qarşısında tab gətirməsi çətin olacaq. Rusiya onsuz da bildiyini edəcək. Ancaq müxalifətdə gərək ağır daşlar qala. Rusiya postsovet ölkələrinin müxalifətini özünə düşmən biləcək". Qəribədir ki, Herisçinin açıqlaması eynilə Rauf Arifoğlunun tezislərinə oxşayır. Kəsəsi, Herisçi tam baş yazarın istədiyi kimi danışıb: "Rusiya təhlükəsi güclənir, İsa Qəmbər qalsın". Sanki İsa Qəmbər təkbaşına "Rusiya təhlükəsini" önləyə biləcək. Aydın görünür ki, baş yazar başqanlığa öz adayını yetişdirənə qədər İsa Qəmbərin qalmasını istəyir. 

Yazar Elnur Astanbəylinin fikirləri də maraqlıdır. O bildirir ki, başqanlığın bir əldən başqa ələ keçirilməsinə qarşıdır. Hesab edir ki, sədr dəyişikliyi nizamnamə, qurultay xətrinə keçirilməməlidir: "Azərbaycan siyasətində çevik, iddialı gənclər var. Onların yolu açılmalı idi. Eyni partiyada olduğum insanlar inciməsin, Müsavatda başqanlığa layiq kifayət qədər namizəd olduğunu düşünmürəm. Yeni nəfəs, yeni ruh gətirəcək namizəd olacağına inam yoxdur". Yazar doğru söyləsə də, başqanlığa hazır adayları yetişdirmədiyinə görə, İsa Qəmbər özü günahkardır. Amma kadr yoxdur deyə, İsa Qəmbərin başqanlıqda qalması da doğru addım olmayacaq. İsa Qəmbər üçün başqanlıqdan getmək ən doğru addım olardı. O, özündə güc tapıb urvatlı şəkildə başqanlıqdan getməlidir. Əks halda mənasız dirəniş onun üçün yaxşı nəticə verməyəcək. Baş verənlər tək Müsavatı, İsa Qəmbər əhatə etmir. Ənənəvi müxalifət missiyasını bitirib və getməlidir. Onsuz da yeni nəsil onları müxalifətdən dışlayacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00