Qərb-Rusiya qarşıdurması yeni münaqişə ocağı yaradır
Elşən Mustafayev: “Nəticə olaraq Ukraynanın özündə lokal münaqişə ocaqlarının yaranması istisna deyil”
12 Fevral 2014 15:30 SiyasətSon vaxtlar Rusiya ilə Qərb sözün həqiqi mənasında "soyuq müharibə" dövrünü yaşayır. Moskvanın imperiyanı bərpa etmək istəyi, Avrasiya İttifaqı və Gömrük Birliyi kimi təşəbbüslər irəli sürməsinin qarşılığında Qərbin Kremlə Ukrayna "sürpirizi" hazırlaması tərəflər arasındakı gərginliyi bir qədər də artırıb. Hazırda Rusiya Avropa ilə sözün həqiqi mənasında regional maraqlar uğrunda ciddi savaş aparır. Qərb-Rusiya qarşıdurması özünü bütün sferalarda, siyasi, iqtisadi və sosial sferalarda göstərir. Avropa ilə Rusiya "soyuq müharibə" mərhələsini yaşadığı bir ərəfədə Birləşmiş Ştatların proseslərə seyrçi mövqedən yanaşması isə bir qədər təccüblü görünür. Bir qayda olaraq Qərb-Rusiya gərginliyində birincinin mövqeyindən çıxış edən Birləşmiş Ştatların hazırda sərgilədiyi münasibət Vaşinqtonun Moskva ilə bəzi regional məsələlərdə razılığa gəldiyindən xəbər verir. Başqa bir versiya isə ondan ibarətdir ki, Birləşmiş Ştatlar üzdə seyrçi mövqe nümayiş etdirsə də, əslində Qərbin Kremlə qalib gəlməsində bir nömrəli maraqlı tərəfdir. Ancaq Amerika indiki vəziyyətdə Moskva ilə münasibətləri gərginləşdirməmək üçün mövqeyini açıq şəkildə ortaya qoymur. Bəs görəsən, Rusiya-Qərb mübarizəsindən hansı tərəf qalib çıxacaq. Ümumiyyətlə, Kremlin regional maraqları təmin etmək üçün üzərində işlədiyi planlar reallaşacaqmı?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi, politoloq Elşən Mustafayev deyir ki, Yeltsin dönəmindən sonra Putin ölkənin istər siyasi, istərsə də iqtisadi rıçaqlarını Qərbin, həmçinin Birləşmiş Ştatların) təsir dairəsindən çıxardıb oz əlində cəmləşdirdi. Onun sözlərinə görə, bununla da başlanan gizli qarşıdurma artıq açıq müstəviyə keçib: "Regionda baş verən hadisələr də onu göstərir ki, bu qarşıdurmada qərb hələ heç nə itirməyib. Əksinə Rusiyadan fərqli olaraq addım-addım irəli gedir. Rusiya isə müqavimət göstərməkdən başqa heç nayə nail olmayıb". Elşən Mustafayev bildirir ki, ilk əvvəl Şərqi Avropada, daha sonra isə Ərəb dünyasında təsir imkanlarını itirən Rusiya yalnız keçmiş post sovet məkanında olan dövlətləri yaxınında saxlamağa cəhd edir: "Postsovet ölkələrindən Gürcüstan mövqeyini artıq ortaya goyub. Azərbaycan isə Qərbə doğru getməyə məhkumdur. Rusiya uçün ağrılı olan Ukrayna məsələsi də artıq göz qabağındadır. Yəni Ukraynanın bundan sonra Rusiyaya müttəfiqlik edən vahid bir dövət altında olacağı çox böyük sual altındadır. Bu gün belə görünür ki, Ukrayna ya Avropa ilə əmədaşlıq edən bir dövətə çevriləcək, ya da bunun əksi. İkinci variant baş verəcəyi təqdirdə isə Ukraynanın iki hissəyə bölünmə təhlükəsi meydana çıxacaq". Politoloq hesab edir ki, hər iki halda Rusiya məğlub görünür. Elşən Mustafayev regionda baş verən proseslər, eləcə də Qərblə Rusiya arasında Ukrayna uğrunda gedən mübarizəyə Birləşmiş Ştatların seyrçi mövqe nümayiş etdirməsinin səbəblərinə də aydınlıq gətirib. O, bildirib ki, Qərb bu proseslərdə çəkinmədən ortaya açıq mövqe goyur: "Amma onu da nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlar da bu məsələdə öz işini görür. Lakin Birləşmiş Ştatlar Qərbdən fərqli olaraq bunu yarı gizli edir. Zənnimcə, Birləşmiş Ştatlar dövlət katibinin köməkçisinin öz ölkəsinin Ukraynadakı səfiri ilə telefon danışığının açıqlanması bunu deməyə əsas verir ki, prosesin görünməyən tərəfində Birləşmiş Ştatlar da fəaldır və proseslərə seyirçi münasibət bəsləmir. Əksinə, Amerika Avropa Birliyinin Rusiya ilə apardığı mübarizədə daha kəskin addımlar atmasını istəyir. Gələcəkdə bu qığılcımların öz ərazisinə keçməməsi üçünsə Rusiya da öz növbəsində Qərbə təslim olmaq istəmir. Amma Rusiyanın buna qarşı hansı həddə qədər müqavimət göstərəcəyi bəlli deyil". Politoloqun sözlərinə görə, bu kimi proseslər bir qayda olaraq heç zaman ağrısız ötüşmür və Qərb-Rusiya qarşıdurmasının fonunda daha bir münaqişə regionu yarana bilər: "Nəticə olaraq elə Ukraynanın özündə lokal münaqişə ocaqlarının yaranması istisna deyil. Nəzərə alsaq ki, Qərbi ukraynalılarla Şərqi ukraynalıların əvvəllər bir birilərinə olan antipatiyası patoloji nifrətə çevrilib. Deməli, bu münaqişəni istənilən tərəf yarada bilər".
Süleyman İsmayılbəyli