“Müsavat İsa Qəmbərin monopoliyasındadır” - AÇIQLAMA

Elşən Musayev: “Əslində bu dolayısı ilə onun etirafı idi ki, müxalifət düşərgəsində onların heç kəsi yoxdur”

"Müxalifət Əli Kərimli və İsa Qəmbər kimi adamların əlində oyuncağa çevrilib. Müxalif cəbhənin uğursuzluğunun əsas səbəbi bu iki adamla bağlıdır" - Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Müsavat Partiyasında keçiriləcək qurultaya münasibət bildirərkən belə deyib. E.Musayev bildirdi ki, Müsavatda qurultay İsa Qəmbərin ətrafı ilə razılaşdırmadan sonra keçirilməliydi. E.Musayevin sözlərinə görə, Müsavat dəfələrlə bəyan edib ki, qurultay keçirib İsa Qəmbəri dəyişəcək və "demokratiya"nın nə olduğunu göstərəcək: "Amma son nəticədə Müsavatın öz sözünün sahibi olmadığı məlum olur. Əli Kərimli və İsa Qəmbər heç bir halda müxalifət monopoliyasını əldən buraxmağa qərarlı deyillər. Qurultayın vaxtı elan olunan kimi Müsavatda İsa Qəmbərin başqan postunda saxlanılması üçün təbliğat başlayıb. Müsavatçılar iddia edirlər ki, guya müxalifətin "vuran əli" olan İsa Qəmbər partiya başqanlığında qalmalıdır. Bu gün siyasətdən başları çıxmayan adamlar İsa Qəmbərin başqanlıqda qalması haqqında rəy verirlər. Həmin adamlar bildirirlər ki, İsa Qəmbərin yerinə hələ lider yetişməyib. Əslində bu dolayısı yolla onun etirafı idi ki, müxalifət düşərgəsində onların heç kəsi yoxdur. Adın dəyişməsi heç vaxt müxalifətin mahiyyətini dəyişməyəcək. Təkcə Müsavat Partiyası yox, müxalifətin digər partiyaları da eyni gündədir. 20 bundan əvvəl nə idisə, müxalifət 20 il bundan sonra da eyni vəziyyətdə qalacaq. Müxalifət fərd olaraq yox, ideologiya olaraq dəyişməlidir. Azərbaycan müxalifəti məhvə məhkumdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00