“Ukrayna Dağlıq Qarabağ məsələsinin həllinə ciddi töhfələr verə bilər”
12 Fevral 2014 14:30 SiyasətUkraynadan noyabr ayından başlanan hadisələr dünyanın gündəmindən düşmək bilmir. Qərblə Rusiyanın Ukraynada baş verən qarşıdurmasından kim qalib çıxacaq? Rusiyanın Ukraynada məğlub olması Rusiyanın Cənubi Qafqaz siyasətinə, konkret olaraq isə Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir göstərəcək? Məsələ ilə bağlı politoloq Elxan Mehdiyev "OLAYLAR"a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada məğlubiyyətinin Dağlıq Qarabağ məsələsinin həllinə önəmli bir təsiri olmayacaq. "Bu bir qədər nəzəri məsələdir. Ukraynada hadisələrin gedişinin necə olacağı qeyri-müəyyəndir. Amma istənilən halda Ukraynanın Qərb yönümlü ya da Rusiya yönümlü olması heç də erməni işğalının erməni işğalının bitməsinə təsiri yoxdur" deyə politoloq öz fikirlərini ifadə edib.
Politoloq Qabil Hüseynli isə həmkarından fərqli olaraq məsələyə başqa prizmadan yanaşıb: "Ukraynada Qərbin mövqeyinin qalib gəlməsi əlbəttə Rusiyanın mövqeyinin xeyli zəifləməsi və eyni zamanda Cənubi Qafqazda əvvəlki oynadığı rolunu oynamaq imkanlarının zəifləməsi deməkdir".
"Mənim zənnimcə, əgər Ukrayna Avropa proseslərinə qoşulsa Azərbaycanın strateji müttəfiqi kimi Dağlıq Qarabağ probleminin həllinə də ciddi töhfələr verə bilər. Qərb dövlətlərini də bu məsələdə obyektiv mövqe tutmağa inandıra bilər. Heç kimə sirr deyil ki, bu gün Dağlıq Qarabağ probleminin həllində əsas qeyri-konstruktiv rolu Rusiya oynayır. Rusiyanın oyundan çıxarılması prosesi də Ukraynadan başlaya bilər" deyə politoloq öz fikirlərini diqqətə çatdırıb. ("OLAYLAR" İA)