Rusiya ilə Azərbaycan sərhədlərində mərz nişanları qoyulacaq
12 Fevral 2014 14:22 SiyasətRusiya ilə Azərbaycan arasında sərhədlərin demarkasiyası məqsədilə 8-ə qədər sənəd hazırlanır. Bu barədə jurnalistlərə məlumat verən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə, iki ölkə arasında mərz nişanlarının qoyulması ilə bağlı yeni görüşlərin keçirilməsi gözlənilir: "O sənədlər hazır olandan sonra biz demarkasiya işini həyata keçirəcəyik. Ötən ilin may ayında Moskvada müvafiq komissiyanın üzvlərinin görüşü keçirilib və orada sərhədlərin demarkasiyası ilə bağlı qərar qəbul olunub". Q. Məmmədovun sözlərinə görə, hələ MDB məkanında heç bir dövlətin Rusiya ilə sərhədi müəyyən edilməyib: "Ancaq Prezident İlham Əliyevin səyi nəticəsində hələ 2010-cu ildə Azərbaycan buna nail oldu. Bu, təsdiqləndi, imzalandı və sonrakı illərdə həm Azərbaycan parlamentində, həm də Rusiya Dövlət Dumasında ratifikasiya olundu". Komitə sədri əlavə edib ki, Azərbaycanla İran Respublikası arasında da dövlət sərhədində redemakrasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı yer quruluşu işləri aparılıb: "Xəzər dənizində də Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən edilib. İran və Türkmənistanla Xarici İşlər Nazirliyinin təşkil etdiyi ikitərəfli görüşlərdə mütəxəssislərimiz iştirak edirlər".