Azərbaycan və Gürcüstan sərhədində 180 km ərazi razılaşdırılmayıb
12 Fevral 2014 13:19 SiyasətAzərbaycanın Gürcüstanla mövcud olan 480 kilometrlik sərhəd ərazisinin 180 kilometri hələ tam razılaşdırılmayıb. Bu barədə jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Komitə sədri bildirib ki, indiyə qədər Gürcüstanla 300 kilometri razılaşdırılıb: "Hesabat ilində mütəxəssislərimiz iki dəfə Gürcüstanda olublar və fikirayrılıqları olan əraziləri müəyyənləşdirmişik. Gürcüstan mütəxəssisləri də iki dəfə Azərbaycanda olublar, bir yerdə bu ərazilərə baxıblar. Komissiya bizi diplomatik kanallar vasitəsilə nə vaxt dəvət edərsə, biz Gürcüstana gedəcəyik. Mübahisəli ərazilərə Balakən ərazisində bazar adlanan yer daxildir. Vaxtilə, ötən əsrin 90-cı illərinin əvvəlində səriştəsiz rəhbərlik olan dövrdə gürcülər gəlib o ərazidə Esmedi kəndi salıblar. Bu, təxminən 15 hektar ərazini əhatə edir. Bundan əlavə, digər mübahisəli ərazilər də var".