Ukraynada fevral ayı "Xocalı ayı" elan edilib

Azərbaycanın Ukraynadakı Səfirliyi, Dövlət Neft Şirkətinin Kiyevdəki nümayəndəliyinin və Ukraynada Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə fevral ayı Ukraynada "Xocalı ayı" elan olunub. "OLAYLAR"-ın Ukraynadakı səfirliyimizə istinadən verdiyi xəbərə görə, "Xocalı ayı" çərçivəsində səfirlik, UAGİ və ölkəmizin digər diaspor təşkilatları ölkə boyunca Xocalı soyqırımına həsr edilmiş anım tədbirləri keçirəcəklər. Kampaniya çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən qanlı səhifəsinə həsr edilmiş "dəyirmi masa"lar, sənədli filmlərə baxışlar, kitab təqdimatları, plakat və sənədlərin surətlərinin sərgiləri təşkil olunacaq. Yekun tədbir isə fevralın 26-da səfirlikdə keçiriləcək. Tədbirlərdə səfir Eynulla Mədətli və Səfirliyin əməkdaşlarının, Azərbaycan diasporunun rəhbərlərinin fəallarının, Ukrayna ictimaiyyətinin nümayəndələrinin iştirakı planlaşdırılır. Tədbirlər başa çatandan sonra Ukraynada yaşayan azərbaycanlılar tərəfindən xarici ölkələrin Ukraynadakı səfirliklərinə və beynəlxalq təşkilatların bu ölkədə akkreditə edilmiş missiyalarına müraciət hazırlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00