Bakıda TÜRK PA-nın iclası keçirilir

Ziyafət Əsgərov: “Türk dövlətləri ilə Azərbaycanı birləşdirən bir çox amillər var”

Fevralın 11-də Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasının İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının üçüncü iclası öz işinə başlayıb. "Türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu" mövzusuna həsr edilən iclasa 4 üzv ölkədən olan komissiya üzvləri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASECA Hökumətlərarası Komissiyasının nümayəndələri qatılıblar. İclasda iştirak edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, türk dövlətləri ilə Azərbaycanı birləşdirən bir çox amillər var. O, gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən söz açaraq bildirib ki, bu xətt Çindən Avropayadək bütün dövlətlərin nəqliyyat daşınmasını təmin edəcək. Ötən ilin dekabrında Azərbaycanda imzalanan "Şahdəniz - 2", Qədim İpək Yolunun bərpası kimi möhtəşəm layihələrin tətbiqi onu deməyə əsas verir ki, bu gün dünyanın nəqliyyat lokomotivinin böyük bir hissəsi türk dünyasının payına düşür: "Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, ortaq tariximiz və mədəniyyətimizdir. Buna görə də siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq etməyimiz olduqca vacibdir". Sonra TÜRKPA-nın baş katibi Jandos Asanov çıxış edərək vurğulayıb ki, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr çox vacibdir. O, Qazaxıstanın qardaş Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığı daim yüksələn xəttlə inkişaf etdiyini bildirib, türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin inkişafına yardım edən və hərtərəfli əməkdaşlığı gücləndirən qurumların yaradılmasına tələbatın artdığını dilə gətirib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, qurumun Sosial, mədəni və himanitar məsələlər komissiyasının üzvü Nizami Cəfərov qeyd edib ki, nəqliyyat kommunikasiyası əlaqələri türk dünyasını təkcə iqtisadi cəhətdən birləşdirmir, xalqlarımızın birliyini nümayiş etdirir. Onun sözlərinə görə, nəqliyyat sahəsindəki əlaqələr bu ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə bərabər türk xalqlarının sosial inkişafına, rifah halının yaxşılaşmasında böyük əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00